Modern.az

Bakıdan sərt cavab: “Rus zabitinə həddini bildirmək gərəkdir”

Bakıdan sərt cavab: “Rus zabitinə həddini bildirmək gərəkdir”

31 Oktyabr 2013, 15:44

Gümrüdə Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın “Krasnaya Zvezda” nəşrinə müsahibəsi Azərbaycan rəsmiləri tərəfindən ciddi narazılıqla qarşılanıb. Belə ki, A.Ruzinski Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün müharibəyə başlayacağı halda Ermənistandakı 102-ci hərbi bazanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcəyi ilə bağlı fikir səsləndirib.

Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a bildirib ki, 102-ci hərbi baza komandirinin öz səlahiyyətlərini aşması ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində Rusiyaya nota təqdim edilməlidir.

“Düzdür, Nikolay Bordyuja tərəfindən bir neçə dəfə belə bir fikir səsləndirilmişdi. Amma Azərbaycan ictimaiyyətinin təpkisindən sonra dəqiqləşdirmə aparıldı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağ münaqişəsinə müdaxilə etməyəcəyi bildirildi. Çünki həmin təşkilatın konkret nizamnaməsi, əsasnaməsi var. O sənədlərdə də göstərilib ki, onlar sırf həmin qurumun üzvü olan ölkələrin ərazi bütövlüyünə təhlükə yarandığı halda məsələlərə müdaxilə edə bilər.

Güman ki, 102-ci bazanın özündən razı komandiri bu açıqlamanı erməni konyakının təsiri altında verib. Azərbaycan mətbuatı və ictimaiyyəti buna təpki göstərsə, o öz layiqli cəzasını alacaq. Ona yerini göstərməliyik”.

Ekspert baza komandirinin bu açıqlamasının oktyabrın 10-da verildiyini, amma müəyyən səbəblərə görə indi üzə çıxdığını söyləyib.
“Ermənilər həmin məlumatı indi üzə çıxarırlar. Bu da səbəbsiz deyil. Müdafiə Nazirinin dəyişməsi, onun kadr islahatları aparması erməni tərəfində ciddi narahatlıq yaradıb. Azərbaycan suveren dövlətdir. İstər Rusiya, istərsə də Ermənistan olsun, əndazəni aşan açıqlamalara sərt reaksiya verilməlidir. İnanıram ki, bu reaksiya olacaq. Azərbaycan Dağlıq Qarabağ məsələsini öz ərazi bütövlüyü çərçivəsində həll etməyə başlasa, heç kimin həddi çatıb Azərbaycan əsgərinin qarşısına çıxmayacaq. Çünki bir rus əsgərinin Dağlıq Qarabağda həyatını itirməsi bütövlükdə Putin və Medvedev hakimiyyəti üçün çox böyük problemlər yaradacaq”.

Gültəkin ƏLƏSGƏR               

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir