Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun Moskvadakı beynəlxalq tədbirdə keçmiş Azərbaycan SSR-nın bayrağı ilə təmsil olunmasına Azərbaycanın müstəqillik aktına imza atan “istiqlalçı deputatlar”dan etiraz gəlib.
Modern.az-a açıqlamasında keçmiş “istiqlalçı deputat”, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər belə bir partiya haqqında ilk dəfə eşitdiyini və onların nostalgiyada olduğunu ehtimal etdi.
“Açığını demək istəyirəm ki, ilk dəfədir ki, belə bir partiyanın olduğunu eşidirəm. Azərbaycan Kommunist Partiyası deyilən təşkilat ölkədə tanınmır. Partiyanın Azərbaycan SSR-sinin bayrağından istifadə etməsi azərbaycanlı kommunistlərin nostalgiya hissləri ilə yaşamasından xəbər verir. Bu insanlara belə diqqət ayırmağın mənası yoxdur. Çünki Azərbaycan cəmiyyətində nə bu partiyanın varlığı haqqında, nə də ki, sədri barəsində məlumat var”.
Digər “istiqlaçı deputat”, Vətəndaş Həmrəliyi Partiyasının sədri Sabir Rütəmxanlı isə hər bir vətəndaşın üçrəngli Azərbaycan bayrağı altına təmsil olunmasını vacib bildi. “Əgər partiya simvolu kimi götürüblərsə, bu ola bilər. Amma xaricdə ölkəni təmsil etdiyinə görə bu adam ölkə bayrağı ilə təmsil olunmalı idi. Təəssüf ki, bu gün Azərbaycanı Rusiyanın təsiri altına qaytarmaq, yenidən SSRİ-ni bərpa etmək kimi cılız ideyalar ortaya atan o qədər qüvvə var ki, buna qarşı mübarizə aparmaq lazımdır”.
Vüqar İsmayılov