Modern.az

İcra başçısı qışa hazırlıq müşavirəsi keçirib

İcra başçısı qışa hazırlıq müşavirəsi keçirib

1 Noyabr 2013, 15:23

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 2013-cü ilin 10 ayında rayon vətəndaşlarının müraciətlərinə münasibət və qışa hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib.

Tədbirdə rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri ümumilikdə 340 nəfər iştirak edib.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ötən müddət ərzində daxil olmuş ərizə və müraciətlərin həll olunması, səyyar görüşlər, qəbullar zamanı qaldırılan məsələlərin icrası vəziyyəti barədə məlumat vermiş, hər bir müraciətin imkan daxilində yerinə yetirilməsini bildirilməklə idarə, müəssisə, təşkilat rəhbərlərinə bu vacib sahəni diqqət mərkəzində saxlamağı bir daha tapşırıb.

Alı Alıyev bildirib ki, rayon İcra Hakimiyyəti ölkə başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşları narahat edən məsələləri gündəlik diqqət mərkəzində saxlayır, sakinlərin normal yaşamaları üçün bütün tədbirləri həyata keçirir.

Rayon İcra Hakimiyyətinin başçısı qışa hazırlıq məsələlərindən də danışıb, görülmüş işlərə münasibətini bildirib.

Ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri qışa hazırlıqla əlaqədar kollektivlərdə həyata keçirilmiş tədbirlərdən bəhs ediblər. Vurğulanıb ki, rayonda qışa hazırlıq sahəsində bütün tədbirlər yüksək səviyyədə yerinə yetirilib.

Müşavirədə RİH-i başçısının birinci müavini Bağır Aslanov qışa hazırlığın vəziyyəti, şöbə müdiri Orxan Ağayev isə vətəndaş müraciətlərinə münasibətlə bağlı məruzə ediblər.   

Diqqətə çatdırılıb ki, Prezident seçkilərindən ötən müddətdə füzulililərin əhval-ruhiyyəsi daha da yüksəlib, işgüzarlıq artıb, son illər rayonda geniş vüsət almış abadlıq, tikinti-quruculuq işlərinin həcmi genişləndirilib.

Bildirilib ki, Horadiz şəhərində tikintisi sürətlə davam etdirilən Milli Qəhrəmanlar parkı, 10 hektar ərazidə Bayraq Meydanı, Soyqırım Qurbanlarının Abidə Kompleksi, 2 yeni küçənin salınması, işıqlandırma sisteminin yeraltı kabel sisteminə keçirilməsi, boulinq zalı və başqa işlərlə yanaşı bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə 100 yerlik uşaq bağçasının, 120 nəfəri işlə təmin edəcək tikiş sexinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Veteranlar evinin tikintisinə başlanması, Heydər Əliyev Parkının ərazisinin əlavə 2 hektar genişləndirilməsi şəhərin görkəmini daha da gözəlləşdirəcək.

Ölkə başçısının Sərəncamına uyğun olaraq Horadiz şəhərində yandırılmış 227 evin əsaslı bərpası işləri surətlə davam etdirilir və 100-dən artıq evin bərpası başa çatdırılıb.

Rayonda mövsümlə əlaqədar ağac əkilməsi, yaşıllıqlar salınması kampaniyasına start verilib. Yaxın günlərdə 1200 ədəd əlavə çinar, 2 min ədəd həmişəyaşıl ağacların əkininə başlanıb.

Tədbirdə həmçinin rayon prokuroru, qaz istismar sahəsinin rəisi, elektrik şəbəkənin müdir əvəzi, istilik idarəsinin müdiri çıxış ediblər.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə