Modern.az

“Öhdəliklərimizi sürətlə həll etməliyik ki, Avropa Birliyi ilə məsafəni qısalda bilək” - ŞƏRH

“Öhdəliklərimizi sürətlə həll etməliyik ki, Avropa Birliyi ilə məsafəni qısalda bilək” - ŞƏRH

1 Noyabr 2013, 16:27

“Azərbaycanın Avropa Birliyinə sıx inteqrasiya etməsinə ehtiyac var. Ermənistanın danışıqlar aparmasına baxmayaraq, sonda Avropa Birliyi ilə saziş imzalamaqdan imtina etdi. Sonra Ermənistan Rusiyanın layihəsi olan “Gömrük İttifaqı”na qoşulmağa müsbət cavab verdi. Belə bir məqamda Azərbaycanın Avropa Birliyi ilə assosiativ üzvlük barədə saziş imzalamağı yerinə düşərdi”.

Bu sözləri Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bu sazişi imzalamaq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir etməsə də, Avropanın bu məsələyə marağını artıra bilər:

“Təəssüf ki, Azərbaycan bu anlaşmanı imzalamayacaq. Amma hər halda danışıqlar gedir, düşünürəm ki, gələcək illərdə Azərbaycan da bu anlaşmanı imzalayacaq. Azərbaycan müttəfiqləri Gürcüstan, Ukrayna və Moldova noyabrda Avropa Birliyi ilə bu anlaşmanı imzalayacaq. Müttəfiqlərimiz imzalayırsa, deməli, gələcəkdə biz də imzalamalıyıq. Hakimiyyət bu anlaşmanı imzalamırsa, bu, o demək deyil ki, sazişin imzalanması mümkün deyil. Danışıqlar gələcək illərdə də davam etdiriləcək. Sadəcə, müəyyən şərtlər var, imzalamaqla iş bitmir. Bu çərçivədə anlaşmadan sonra Avropa Birliyi ilə Azərbaycan arasında “Azad Ticarət Zonası” yaradılmalı, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmalıdır. Hələ ki Azərbaycan hakimiyyəti buna hazır olmadığı üçün belə bir addım atır. Yəqin ki, bu istiqamətdə müəyyən işlər görülməlidir ki, sonra imzalasın. Bir məsələni də qeyd edim, bu sazişi Ukrayna, Moldova və Gürcüstanın imzalaması o demək deyil ki, o  ölkələr Avropa ilə sıx inteqrasiyaya başlayıblar. Bu ölkələr də qanunvericiliklərini Avropa standartlarına uyğunlaşdırmalıdırlar. Bu, bir prosesdir. Fikir verin, Türkiyə 40 ildir, bu prosesin içindədir, hələ də Avropa Birliyinə üzv ola bilmir. Üzərimizə götürdüyümüz öhdəlikləri sürətlə həll etməliyik ki, Avropa Birliyi məsafəni qısalda bilək”.

Politoloq vurğulayıb ki, hazırda Azərbaycan Avropa Birliyi ilə sazişi imzalanmasa da, Rusiyanın layihəsi olan “Gömrük İttifaqı”na da qoşulması mümkünsüzdür:

“Şayiələr gəzir ki, guya Azərbaycana təzyiq var və ölkəmiz mövqeyini bildirməlidir. Hazırda o ittifaqın 3 üzvü var, bunlar Qazaxıstan, Belarus və Rusiyadır. Qırğızıstan və Ermənistan da qoşulmalıdır. Başqa dövlətlər də qoşulmağa maraq göstərirlər. Azərbaycan bu ittifaqda yer ala bilməz. Bu, dəfələrlə deyilib. Çünki orada Ermənistan var. Rusiya hələ də Qarabağ məsələsinin həllində fəallaşmır. Azərbaycan bu şərtlər daxilində ittifaqa qoşula bilməz. İşğal altındakı torpaqların boşaldılması məsələsi gündəmə gətirilməlidir. Buna görə də Ermənistana təzyiq edilməlidir. Qarabağ məsələsi öz həllini taparsa, Azərbaycan “Gömrük İttifaqı”na qoşulmaqla bağlı ciddi düşünə bilər. Hazırda bu şərtlər yerinə yetirilmədiyinə görə Azərbaycan bu ittifaqa qoşula bilməz”.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə