Modern.az

Milli Şura: “ATƏT-in Gürcüstandakı seçkilərlə bağlı rəyi ədalətlidir”

Milli Şura: “ATƏT-in Gürcüstandakı seçkilərlə bağlı rəyi ədalətlidir”

1 Noyabr 2013, 17:39

“ATƏT-in DTİHB-nun rəyi obyektiv reallığı əks etdirir. Gürcüstanda keçirilən prezident seçkiləri ilə Azərbaycanda keçirilən seçkilər arasında çox böyük fərq var idi. Azərbaycanda seçkilər kütləvi surətdə saxtalaşdırılmışdı. Bu faktlar təkcə ATƏT-in DTİHB-nun deyil, ümumiyyətlə, seçkini müşahidə edən digər müşahidəçilər tərəfindən də qeydə alınmışdı. Seçkilərin bu cür keçirilməsi Azərbaycan xalqının iradəsinə qarşı çıxmaq idi”.

Bunu Modern.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı deyib. O, ATƏT-in DTİHB-nun Azərbaycanda keçirilən prezident seçkilərinə mənfi, Gürcüstandakı seçkilərə isə müsbət rəy verməsinə münasibət bildirərkən deyib ki, həqiqi mənada Gürcüstanda seçkilər şəffaf keçirilib: “Seçkidə iştirak edən tərəflərin heç biri saxtalaşdırma ilə bağlı ortaya iddia qoymadılar. Burada məğlub tərəf belə seçkinin obyektiv keçirildiyi bildirdi. Bunun özü reallığı göstərir. Əgər seçkilərdə iştirak edən tərəflər şərtlərin düzgün olduğunu etiraf edirsə, başqa rəyə ehtiyac yoxdur. Bu mənada ATƏT-in müşahidə missiyasının da mövqeyi tam doğrudur. Söhbət Avropaya hansısa məsafədə durmaqdan getmir, əsas seçkini necə keçirməkdir”.

Milli Şuranın digər üzvü Vidadi Mirkamal da Gürcüstandakı seçkilərlə bağlı müsbət rəyi doğru hesab edir: “Gürcüstan neçə illərdir, demokratik yolla irəliləyir. Orada oturuşmuş demokratik sistem var. Ona görə də orada keçirilən seçkilərdə qanun pozuntularının olması faktları qeydə alınmayıb. Gürcüstanda keçirilən seçkilərdə saxtakarlıq etmək də mümkün deyil. ATƏT müşahidəçilərinin seçkilərə müsbət rəy verməsinin səbəbi Gürcüstanın demokratik ölkə olmasıdır. Azərbaycanda keçirilən seçkilərin saxtalaşdırılması ilə bağlı Milli Şurada da kifayət qədər faktlar var. O ölkələrdə seçkilər demokratik keçirilə bilər ki? orada institusion sistem var. Azərbaycan isə bu prosesdən çox uzaqdır”.

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstanda keçirilən prezident seçkisinin nəticələrinə görə, hakim “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvili qalib gəlib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) seçkinin “müsbət və şəffaf” olduğunu bildirib. 

İlkin PİRƏLİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə