Modern.az

İsa Qəmbər gedir, onun yerinə kim gələcək?

İsa Qəmbər gedir, onun yerinə kim gələcək?

4 Noyabr 2013, 09:39

Prezident seçkilərindən sonra Müsavat Partiyasının qurultayı və başqanlıq məsələsi yenidən aktuallaşıb. Mövzunun aktuallaşmasında partiya başqanı İsa Qəmbərin Müsavat Məclisinin son iclasındakı çıxışı da böyük rol oynayıb. Belə ki, partiya lideri qurultayın keçirilməsi ilə bağlı prosesləri ilin sonunadək başa çatdırmağın vacibliyini bəyan edib.

Əslində partiyanın öz qurultayını keçirməsinə problem yaradan əsas səbəb yer problemidir. Belə ki, artıq bir neçə ildir Müsavatın Bakı meriyasına 800-1000 nəfərlik yer üçün etdiyi müraciət cavabsız qoyulur. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə deyib ki, partiyanın növbəti qurultayının keçirilməsi üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyə ehtiyac yoxdur. A.Hacılı bildirib ki, qurultay barədə müzakirələr aparılır və yaxın aylarda ali tədbirin keçirilməsi nəzərdə tutulur. Müsavat funksioneri qurultayın keçirilməsi üçün Opera və Balet Teatrını məqsədəuyğun hesab edib: “Tədbir üçün 800-1000 nəfərin iştirak edəcəyi bir zal lazımdır. Bura Əl Oyunları İdman Sarayı da ola bilər. Eyni zamanda Opera və Balet Teatrının zalında da belə bir qurultayın keçirilməsi mümkündür. Teatrın zalı 1060 nəfərlikdir, bu zalda AXCP və digər təşkilatların müxtəlif tədbirləri keçirilib. Bu baxımdan hesab edirəm ki, Opera və Balet Teatrının zalı verilsə, biz qurultayımızı keçirə bilərik”.  Müsavat funksioneri Mehman Cavadoğlu nizamnamə dəyişikliyi ilə İsa Qəmbərin öz postunda qalmasını real saymır: “Mən bu variantı istisna edirəm. Birinci ona görə ki, İsa bəy bu məsələyə razılıq verməyəcək. Hətta qurultay qərar verib nizamnaməni dəyişsə belə, İsa Qəmbərin yenidən irəli sürməsi problematik görünür. Onun özünün məsələyə münasibətinə görə məndə belə əminlik var”. Cavadoğlu İsa Qəmbərin başqanlıqdan gedəcəyi halda Müsavat Partiyasının parçalanmayacağını da bildirdi: “İstənilən partiyadan gedənlər və gələnlər ola bilər. Amma böyük mənada parçalanmanı istisna edirəm”.   “İsa Qəmbərin başqanlıqdan getməsi Müsavatın zəifləməsinə səbəb ola bilməz. Çünki o partiyadan deyil, başqanlıqdan gedir”. Bunu isə ttp://apa.az APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli deyib. Məclis sədri qeyd edib ki, İsa Qəmbər dəfələrlə nizamnamənin dəyişməyəcəyini və dəyişəcəyi halda belə, ikinci dəfə namizədliyini irəli sürməyəcəyini bəyan edib: “Hər halda, bu, İsa Qəmbərin hüququ və nizamnamənin tələbidir”.  A.Səmədbəyli bəzi Müsavat funksionerləri tərəfindən İsa Qəmbərin vəzifəsindən gedəcəyi təqdirdə partiyada istefalar olacağı barədə səsləndirilən fikirlərə də münasibət bildirib. O vurğulayıb ki, İsa Qəmbər yalnız başqanlıqdan gedəcək, partiyadakı fəaliyyətinə isə davam edəcək: “İsa Qəmbərin indiyə kimi partiyada hansı nüfuzu olubsa, başqan olmadığı dövrdə də bu davam edəcək. Partiyada o vaxt fəsadlar ola bilərdi ki, İsa Qəmbər partiyadan da çıxsın və bu, Müsavatın zəifləməsi ilə nəticələnərdi. Sonrakı dövrdə də partiyanın inkişafında və idarə edilməsində İsa Qəmbər iştirak edəcək. Eyni zamanda funksionerlərin narahatlığı da aradan qaldırılacaq”.  Müsavat Məclisinin sədri başqanlığa namizəd olacağını da istisna etməyib: “Qurultayın vaxtı və yeri məlum olduqdan sonra namizədlərin verilməsi və yarış başlayacaq. Mən indiyədək başqanlığa namizəd olacağımla bağlı bir fikir bildirməmişəm və qurultayın yeri və vaxtı müəyyən olunana kimi də bir fikir söyləmək istəmirəm”. Xatırladaq ki, A.Səmədbəyli bir müddət öncə 2001-ci ildə Müsavat Partiyasının Nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayan müddəanın demokratik müddəa olmadığı üçün ləğvini zəruri saymışdı. Dünən isə o, “Yeni Müsavat”a bildirdi ki, artıq İsa bəy nizamnamə dəyişsə belə, namizədliyini verməyəcəyini onunla söhbətində qəti şəkildə bildirdiyi və başqanlıqdan getməyə israrlı olduğu üçün bu müddəanın ləğvində təkidli deyil: “Ancaq mən yenə o fikirdə qalıram ki, vaxtilə nizamnaməyə edilən dəyişiklik bir siyasi partiya üçün məqbul müddəa deyil. Çünki partiya hakimiyyətə gəlmək demək deyil. Mən hansısa aparıcı partiyada belə bir müddəaya rast gəlməmişəm. Ancaq İsa bəy deyir ki, Müsavat hər zaman Azərbaycana yenilik gətirib, bu yeniliyi də biz gətiririk. Mən də İsa bəyin fikrinə hörmətlə yanaşıram və eyni zamanda öz fikrimdə qalıram. İstisna deyil ki, qurultayda bu məsələ də qaldırılsın. Ancaq o da istisna deyil ki, böyük əksəriyyət artıq İsa Qəmbərin mövqeyi ilə razılaşıb”.  (musavat.com)
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə