Modern.az

Millət vəkili Türkiyədə “Türk Dünyasına üstün xidmət” ödülünə layiq görüldü

Millət vəkili Türkiyədə “Türk Dünyasına üstün xidmət” ödülünə layiq görüldü

4 Noyabr 2013, 09:55

Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevaya “Türk dünyasına üstün xidmət “ödülü Türkiyənin Nevşəhər bölgəsində keçirilən tədbirdə təqdim olunub. Mükafatı alan millət vəkili Qənirə Paşayeva tədbirdə çıxış edib. “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir.Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür”. Mükafatı təqdim edənlərə təşəkkürünü bildirən millət vəkili türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirdiyini deyən Millət vəkili Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək  Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş  torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib. Azərbaycanın tarixi və Dağlıq Qarabağ barədə məlumat verən millət vəkili Qənirə Paşayeva torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal edildiyini deyib. “20 il əvvəl Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində 1 milyondan çox soydaşımız öz torpaqlarından didərgin düşüb. Və onlar hələ də vətən həsrəti  ilə yaşayırlar”. Millət vəkili tədbirdə iştirak edən və çağdaş türk poeziyasının ustadlarından olan Yavuz Bülent Bakilərin də ata-baba torpağı olan Qarabağı birlik və bərabərlik içində işğaldan azad edəcəyimizə ümid etdiyini bildirib “Mən inanıram ki, Azərbaycanın hər zaman yanında olan qardaş ölkə Türkiyə ilə birləşərək o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl gecələri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”.

Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı müəlifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabından bəhs edib. “Müəllifi olduğum kitabda qarış-qarış gəzdiyim Türk dünyasının müxtəlif bölgələri, onların tarixi barədə məlumat vermişəm. Kitabda Türkiyənin 6 bölgəsi haqqında da yazı yer alıb. Artıq “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının ikinci hissəsini hazırlamağı planlaşdırıram. Bu hissədə mütləq Nevşəhər haqqında yazı yer alacaq”. Türk dünyasını tanıtmaq və gəncliyə ortaq dəyərlərimizi göstərməkdə əsas məqsədin gənclərdə sahiblənmə duyğusunu yaratmaq olduğunu deyən millət vəkili “biz, bizim olan hər şeyə sahiblənməyi bacarmalıyıq. Bu sahiblənmə “mənim”, ”sənin” yox “bizim” şəklində olmalıdır” deyib. O, çıxışının sonunda bu gözəl tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirərək fikirlərini müəllifi oduğu və türk olması ilə qürur duyduğunu açıq şəkildə göstərən şeirini ifa etməklə bitirib. Qeyd edək ki, millət vəkili Nevşəhərdə olduğu müddətdə Nevşəhər Bələdiyyəsinə Nevşəhərin küçələrindən birinə Qarabağın, digərinə isə Yavuz Bülənt Bakilərin adının verilməsini təklif edib. Bu təklifi məmnuniyyətlə qəbul edən Bələdiyyə başçısı Hasan Üreven millət vəkilinə Nevşəhərin fəxri vətəndaşı statusu veriləcəyini bildirib.     Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə