“Demokratik Qüvvələrin Milli Şurası fəaliyyətini davam etdirir. Ötən ay prezident seçkiləri keçirildi, bu seçkinin nəticələri Milli Şura tərəfindən dəyərləndirildi və biz bu nəticələri tanımadıq. Qurumun fəaliyyətində əsas xətt kimi seçkinin nəticələri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və Azərbaycan cəmiyyəti ilə bu istiqamətdə iş aparmaqdır”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Gözəl Bayramlı deyib. O, qeyd edib ki, Milli Şura demokratiyanın bərqərar olması uğrunda fəaliyyətini davam etdirəcək: “Yeni mərhələdə qurumun komissiyaları formalaşdırılacaq. Hesab edirəm ki, bundan sonra Milli Şura fəaliyyətini normal qaydada davam etdirəcək”.
G. Bayramlı bəzi Milli Şura üzvlərinin qurumun parlament seçkilərinə hazırlaşması ilə bağlı təkliflərinə də münasibət bildirib: “Milli Şura üzvlərinin hər birinin təklif vermək hüququ var. Bu kimi məsələlər mətbuatda deyil, Milli Şuranın sessiyasında müzakirə olunmalıdır. Əgər belə bir təklifin müəllifləri varsa, qurumun sessiyasında bu məsələni müzakirəyə çıxarmalıdır. Həmin vaxtda da müzakirələr aparılıb, konkret nəticələr ortaya qoyula bilər. Əlbəttə, istənilən seçkiyə qabaqcadan hazırlaşmaq lazımdır. Hazırkı durumda isə parlament seçkilərinə hazırlaşmaq məsələsini qabartmaq doğru deyil, indi daha çox prezident seçkiləri ilə bağlı məsələləri diqqətdə saxlamaq lazımdır. Parlament seçkiləri ilə bağlı məsələni istənilən vaxt müzakirəyə çıxarmaq mümkündür. Təbii ki, bu kimi təkliflər Milli Şura daxilində fikir ayrılığı yarada bilməz. Milli Şuranın üstünlüyü də burada fərqli fikrin olmasıdır. Hər şey müzakirələr nəticəsində aydınlaşır”.
İlkin PİRƏLİ