Ötən həftə Azərbaycanda Dövlət Bayraq Günü qeyd olundu. Şübhəsiz ki, çoxları bayram günü Bakı şəhərinin Bayıl sahəsində yerləşən Dövlət Bayrağı Meydanını ziyarət etmək istədi. Lakin nədənsə bu meydan hələ də qapalı saxlanılır, bura sərbəst şəkildə daxil olmağa icazə verilmir.
Yalnız rəsmi tədbirlər zamanı dövlət təşkilatlarının nümayəndələri meydana buraxılırlar. Görəsən meydana giriş əhali üçün nə zaman sərbəst olacaq?
Modern.az saytı bu suala cavab almaq üçün Nazirlər Kabineti yanında Dövlət Bayraq Meydanı Kompleksi İdarəsi ilə əlaqə saxlayıb.
”Meydanın dənizkənarı zolağı artıq açılıb. İnsanların ora getməsi mümkündür. O ki qaldı muzeyin özünə və meydanın üst hissəsinə, hazırda nizamnamə hazırlanır. Prosedur necə olacaq, yəni həftənin hansı günləri, hansı marşrutlarla insanlar ora daxil ola biləcək, bu da aydınlaşacaq.
İndiki vəziyyətdə isə biz müraciət edən vətəndaşlara ora baxmaq üçün icazə veririk.
Adi vətəndaş əvvəlcə müraciət etməlidir ki, ondan sonra gedib baxa bilsin. Müraciətsiz mümkün deyil” - Dövlət Bayraq Meydanı Kompleksi İdarəsinin mətbuat katibi Hüseyn Azəri Modern.az-a açıqlamasında bildirib.
Gülşən Raufqızı