Modern.az

Jalə Əliyeva təmsil etdiyi bölgənin problemlərindən danışdı

Jalə Əliyeva təmsil etdiyi bölgənin problemlərindən danışdı

12 Noyabr 2013, 14:30


Millət vəkili Jalə Əliyeva parlamentdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bir neçə təkliflərə çıxış edib. Modern.az-ın məlumatına görə, deputat hökumət üzvlərinə səslənərək bildirib ki, ötən illər ərzində də bu haqda danışılsa da, hələ də bu problemlər öz həllini tapmayıb. “Birinci təklifim mənzil problemi ilə bağlıdır. Əhaliyə uzunmüddətli kreditlər ayrılsın, bu vəsait hesabına sosial mənzillər tikilsin”.

Millət vəkili internat uşaqlarının mənzillə təmin olunması məsələsinə toxunub: “İnternatda böyüyən uşaqlarımız, gənclərimiz hələ həyatın isti soyuğunu görmədən küçələrə tökülürlər. Heydər Əliyev Fondunun bu istiqamətdə işləri var, bir neçə il öncə internatda böyüyən qızlar üçün mənzillər tikdi. Amma bu məsələnin bir hissəsidir. Bu qəbildən olan gənclərimizin evlə təmin olunması üçün hökumət də addım atmalıdır”, – deyə J. Əliyeva qeyd edib. Eyni zamanda millət vəkili təmsil etdiyi Zərdab rayonu və ona bitişik rayonlarda mövcud olan problemləri hökumət üzvlərinə çatdırıb: “Bilirsiniz ki, bir neçə il öncə Kür çayının daşması ilə bəzi rayonlarımız ziyan gördülər. Çayın daşması nəticəsinə Zərdabda məktəblərə ziyan dəydi. Təzəkənd orta məktəb tam yararsız vəziyyətə düşdü. 2010-ci ildə müraciət etdik, yer də ayrıldı. Amma hələ də inşaat başlamayıb. Zərdabda 1 və 2 saylı məktəblər yararsızdır. Plana salınsalar da, heç bir şey yoxdur”. Təmsil etdiyi rayonun qaz, kanalizasiya problemlərindən danışan J. Əliyevə Zərdab rayonunun 40 kəndi olduğunu bildirib: “40 kənd olsa da, ancaq 5 kənddə qaz var, 6 kənddə isə işlər gedir. Qalanlarında isə qaz yoxdur”.

 

Aytən ƏLİYEVA  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə