Modern.az

Müdafiə naziri daha iki yeni təyinat imzalayıb

Müdafiə naziri daha iki yeni təyinat imzalayıb

13 Noyabr 2013, 10:07

Uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsində çalışmış, orada baş leytenant rütbəsindən polkovnik rütbəsinə kimi yüksələn Hikmət Xalıqov Müdafiə Nazirliyi Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilib. O, həm də hazırda rəisin vəzifələrini icra edir.
Modern.az saytının məlumatına görə, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov xəbər verib. Onun sözlərinə görə, bu yaxınlara kimi həmin vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirmiş.

Hərbi ekspert Hikmət Xalıqov  təyinatını belə qiymətləndirib: “Dünənə kimi, MN-nin Elm, Hərbi Təhsil və Tədris şöbəsində baş zabit olan dostumuz Hikmət Xalıqovun yenidən çağırış məsələlərini həyata keçirilməsində, "vacib işlərə" gətirilməsində məqsəd nədir? Cavabını orduda kimi hara və necə yerləşdirilməsini gözəl bilən hər bi Azərbaycanlı əsgər və ya çavuş atası əla bilir. Məqsəd, isə 2014-cü ilin yanvar ayından SQ üzrə bütün çağırışları TAM NƏZARƏTə almaqdır”.

Hərbi ekspert daha bir yeni təyinat barədə məlumat verib. “Dünən isə nəhayət mətbuatın çoxdan gözlədiyi daha bir kadr təyinatı həyata keçirilib. Adı sabiq nazir Səfər Əbiyevin kadrları sırasıdan davamlı çəkilən MN Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi, istefada olan polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib. Onun yerinə isə, bu sahə ilə ümumiyyətlə heç bir əlaqəsi olmayan, bir müddət Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin edilib. Buna qədər isə, adı çəkilən zabit Naxçıvanski adına Hərbi Liseydə xidmət keçirdi. Yeri gəlmişkən, Rəşad Abuzərov HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfael Rzayevin Binə Aeroportunda köməkçisi işləyib”.
 
Ü.Cəfərovun sözlərinə görə, yeni nazir Zakir Həsənovu həm mətbuatın, həm də cəmiyyətin gözündən salmaqda israrlıdırlar. “Və onun adından və imzası ilə həyata keçirilən kadr təyinatları da ordu daxilində böyük təəssüf hissi ilə qarşılanır. Peşəkarlar deyil, biznes maraqlarından irəli gələn təyinatlar isə şəxsi heyətdə sabaha ümidsizlik yaradır”.

Hərbi ekspert deyir ki, faktiki olaraq, yeni nazir general-polkovnik Zakir Həsənovun hələ vəziyyəti tam nəzarətinə ala bilməməsindən istifadə edən birinci müavin - Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov istədiyini kobud şəkildə edir və ona “dur!” deyən hələliksə bir kimsə yoxdur.
”Ordunun içində olan zabit və hətta gələcəyin zabitləri olan müdavimlər, əsgər valideynləri son dərəcə narahatdırlar. Hesab edirəm ki, onlar çox haqlı olaraq öz narazılıqlarını və narahatçılığını bildirirlər”.

Modern.az 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə