Tehran dilənçiləri işləyən iranlılardan 5 dəfə varlıdır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Tehran küçələrində dilənçiliklə məşğul olanlar rəsmi şəkildə işləyən həmvətənlilərindən daha varlıdır. Assoşeyted-press agentliyinin məlumatına görə, dilənçilərin gəlirləri ölkədə müəyyən olunmuş minimum yaşayış həddindən 5 dəfə çoxdur. Tehranda dilənçilər ay ərzində 15 milyon rial (1500 dollar) qazanır. Ölkədə minimum əməkhaqqı isə təxminən 300 dollardır. Beləliklə də tehranlı dilənçilərin gəlirləri minimal yaşayış həddindən 5 dəfə artıqdır.
Tehran bələdiyyəsindən bildiriblər ki, dilənçilərin əksəriyyəti paytaxta ölkənin ucqar vilayətlərindən, hətta xarici ölkələrdən gəlirlər. Onlar saqqız və gül satır, eləcə də dini ibadət yerlərində dilənçiliklə məşğuldurlar. Hər gün İran polisi paytaxt küçələrindən 300-ə yaxın dilənçini qovur. Dilənçilik probleminin həlli üçün hökumət xüsusi sığınacaq məskənləri yaratmağı nəzərdə tutub ki, dilənçilər axşam saatlarında fəaliyyət göstərə bilsinlər.