Modern.az AzərTAc-a istinadən xəbər verir ki, mayın 4-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda rəhbər heyətin iştirakı ilə prokurorluq orqanlarının qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov prokurorluqda həyata keçirilən islahatlara, dövlətçiliyin maraqlarının müdafiəsi naminə görülən işlərə Prezident İlham Əliyev tərəfindən yüksək qiymət verildiyini, bunun nəticəsi olaraq Milli Məclisin razılığı ilə üçüncü dəfə məsul dövlət vəzifəsinə təyin olunduğunu diqqətə çatdırıb. Baş prokuror deyib ki, prokurorluqda kadr tərkibini müsabiqə yolu ilə həyata keçirilən qulluğa qəbul nəticəsində 40 faizdən çox gənc mütəxəssislər təşkil edir.
Baş prokurorun sözlərinə görə, mərkəzi aparat rolunu oynayan Baş Prokurorluğun fəaliyyətinin və tabe qurumların işinə nəzarət mexanizminin təkmilləşdirilməsi, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, istintaqın keyfiyyətinin yüksəldilməsi üçün ən qəti tədbirlərin görülməsi mühüm vəzifə kimi müəyyənləşdirilib, cinayət işlərinin məhkəmələr tərəfindən prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması və bəraət hökmlərinin verilməsi, habelə cinayət işləri üzrə məhkəmələr tərəfindən prokurorlar və istintaq işçiləri barədə xüsusi qərarların çıxarılması hər bir halda ciddi xidməti qüsurlar kimi qiymətləndirilməli və təqsirkar prokurorluq əməkdaşları barədə təsirli tədbirlər görülməlidir. Z.Qaralov tərəfindən cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə onun dinamika və strukturunda baş verən mənfi meyillərin ətraflı öyrənilməsi yolu ilə onların aradan qaldırılması üçün konkret qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin kriminalistika şöbəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və bağlı qalmış cinayətlərin açılması işində prokuror-kriminalistlərdən və ən müasir texniki nailiyyətlərin imkanlarından istifadə olunması barədə tapşırıqlar verilib.
Məhkəmə səhvlərinin aradan qaldırılması və pozuntulara yol verən müstəntiqlər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar barəsində xüsusi qərarların çıxarılmasında dövlət ittihamçılarının təşəbbüskarlığının artırılmasının zəruriliyi vurğulanıb. Çıxışının sonunda baş prokuror Zakir Qaralov həmişə dövlət qayğısı ilə əhatə olunan Azərbaycan Respublikası Prokurorluğunun kollektivinin dövlətçilik maraqlarının hər cür qəsdlərdən qorunması, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.
Modern.az