Modern.az

“Rüstəm İbrahimbəyov Milli Şuraya hobbi kimi yanaşır” - Müsavatdan İTTİHAM

“Rüstəm İbrahimbəyov Milli Şuraya hobbi kimi yanaşır” - Müsavatdan İTTİHAM

Təhsil

6 Dekabr 2013, 11:51


“Rüstəm İbrahimbəyovun bu mövqeyinə təəssüf edirəm, çünki Milli Şuranı təşkil edən əsas qurumlardan biri də Müsavat Partiyasıdır. Elə son seçki kampaniyasında da prosesə ən çox dəstək verən Müsavat Partiyası oldu. Müsavat Partiyasının mövqeyinə qarşı bu cür etinasız yanaşma təəssüf hissi yaratdı”. Bunu Modern.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Milli Şuranın üzvü Arif Hacılı deyib. O, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Müsavat Partiyası ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki, Milli Şura tərəflərin assosiativ birliyidir: “Milli Şuraya kimsə kimisə gətirməyib. Milli Şura tərəflərin assosiativ birliyidir. Bu birlik Azərbaycanın yaxın tarixində ölkə müxalifətinin əsas koordinasiya mərkəzi kimi fəaliyyət göstərdi. Biz ümid edirik ki, Azərbaycan siyasi qüvvələri, müxalifəti öz fəaliyyətlərini istər Milli Şura çərçivəsində, istərsə də digər formatlarda koordinasiya edə biləcək”.

A. Hacılı qeyd edib ki, Müsavat Partiyasının R.İbrahimbəyovun sədrliyi, fəxri sədrliyi, həmsədrliyi ilə bağlı mövqeyinin formalaşmasında İbrahimbəyovun zaman-zaman siyasi proseslərə, məsələlərə bu cür yanaşması mühüm rol oynayıb: “Siyasət, xüsusilə Azərbaycan kimi geopolitik məkanda yerləşən ölkədə ciddi bir işdir. Siyasətə ciddi yanaşmaq lazımdır. Burada etinasız münasibətlər, ciddi məsələlər haqqında düşünülməmiş mülahizələr çox ciddi nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, bu gün Milli Şurada yaranmış böhranda məhz Rüstəm İbrahimbəyovun siyasi məsələlərlə əlaqədar bu cür davranışının mühüm rolu var. İbrahimbəyovun son açıqlamalarından da görünür ki, o, bu məsələləri ciddiyə almır, siyasətə bir hobbi kimi yanaşır. Düşünürəm, bundan sonra da oxşar davranışlarını davam etdirəcək”.

Müsavat funksioneri vurğulayıb ki, hazırda Milli Şura ilə bağlı hərə öz mövqeyini ortaya qoymaqla məşğuldur: “Milli Şura ilə bağlı fikirlərimizi demişik. Mövqeyimizi həm Azərbaycan ictimaiyyətinə, həm də siyasi tərəfdaşlarımıza açıqlamışıq. Biz bütün fikirləri, mövqeləri dəyərləndikdən sonra qərarımızı verəcəyik”.

Qeyd edək ki, Milli Şuranın fəxri sədri R. İbrahimbəyov APA-ya müsahibəsində deyib ki, Müsavat Partiyasının Milli Şuradan ayrılması qurumun fəaliyyətinə heç bir təsir etməyəcək: “Bu, onun öz fikridir, öz işləridir. Getmək istəyirlər, getsinlər. Mən buna qarışmıram. Bu onların qərarlarıdır. Biz Milli Şuranı yaradanda heç kəsi məcbur etməmişdik ki, bizə qoşulsunlar. 20 il müddətində birinci dəfə demokratik qüvvələri bir araya gətirmişik. Bu, böyük tarixi  hadisə idi. Milli Şura öz tarixi vəzifəsini yerinə yetirib. Kimsə çıxmaq istəyir, kimsə qalmaq istəyir, bütün bunlar təbii şeylərdir.

R. İbrahimbəyov bildirib ki, onun Müsavat Partiyası ilə heç bir problemim yoxdur: “Müsavat Milli Şurada təmsil olunan partiyalardan biridir. Və bu partiyanın öz mövqeyi, öz siyasəti ola bilər. Mən siyasətlə belə dərindən məşğul olmuram və belə şeylərə heç fikir vermirəm. Öz işləridir, özləri bilərlər. Nə fikirləri var bilmirəm, heç məni maraqlandırmır da. Mən öz işlərimi görürəm. Mənim vicdanım göstərən istiqamətlə yaşayıram”.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır