Mayın 11-də Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana işgüzar səfəri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu gün A. Serdyukovun Azərbaycann müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Görüşdən öncə Anatoli Serdyukov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Nazirlərin görüşündə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. S.Əbiyev bildirib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində səyləri nəticə vermir və buna görə də aktivliyi artırmaq lazımdır. Nazir Səfər Əbiyev qeyd edib ki, bütün səylər münaqişənin dinc şəkildə həll edilməsinə yönəlməlidir, əks təqdirdə vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər.