I Böyük Turan Qurultayına hazırlıq prosesi ilə əlaqədar Türkiyədə səfərdə olan Ümid Partiyası ideoloji – təbliğat və gənclərlə iş üzrə sədr müavini Taleh Əliyev və qurultaya hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının başqanı və “Yeni Nəfəs” qəzetinin qurucusu və yönətim başqanı Seymur Həsənli Türkiyə səfəri çərçivəsində görüşlərinə start verib. Bu barədə Modern.az-a görüş iştirakçıları məlumat veriblər. İlk görüş Milliyətçi Hərəkat Partiyasının başqanı sayın Dövlət Baxçalı ilə keçirilib. Görüşdə qurultaya hazırlığın gedişatı ilə əlaqədar məlumat verən Turan Strateji Araşdırmalar Mərkəzinin başqan yardımçısı Hayri Üstün Azərbaycandan gəlmiş qonaqları təqdim edib. Çıxış edən Seymur Həsənli qurultaya Azərbaycanda olan maraq və təşkilat komitəsinin apardığı işlər barəsində Dövlət bəyi məlumatlandırıb.
Daha sonra Taleh Əliyev çıxış edərək Türkiyə - Ermənistan sərhədlərinin açılmasına etiraz edən türk xalqının ümumi iradəsini ifadə edən Milliyətçi Hərəkat Partyasına və onun başqanı Dövlət Baxçalıya öz təşəkkürünü bildirib və qurultayla bağlı öz təkliflərini çatdırıb. Qonaqlara dəyərli fikirlərinə görə, öz təşəkkürünü bildirən Dövlət Baxçalı türk gəncliyinin milli ideallar uğrunda mübarizə aparmasından məmnunluğunu bildirib: “Bütün fəaliyyətimiz boyu Azərbaycanın maraqlarını diqqət mərkəzində saxlamışıq. Sizlər Azərbaycanda öskürəndə, bizlər Türkiyədə vərəm oluruq.” Sonda qonaqlarla şəkil çəkdirən Dövlət Baxçalı Azərbaycan – Türkiyə dostluğunun rəmzi olan döş nişanlarını qonaqlara hədiyyə edib. Bir saata yaxın sürən görüş qarşlıqlı maraq doğuran fikir mübadiləsi ilə davam edib. Modern.az