İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır. Modern.az xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan İsveçrə parlamentinin İsveçrə-Azərbaycan dostluq qrupunun sədri xanım Kristin Egerzegi-Obrist Milli Məclisin sədri Oqtay Əsədovla bugünkü görüşdə bildirib. “Bu münaqişə həqiqətən də təkcə region üçün deyil, Avropanın özü üçün də ciddi təhlükə mənbəyidir. Odur ki, problem tezliklə öz ədalətli həllini tapmalıdır”-deyə isveçrəli qonaq bildirib. Münaqişələrin həllində parlamentlərin də mühüm rol oynadıqlarını bildirən Egerzegi-Obrist bu baxımdan Azərbaycan və İsveçrə parlamentarilərininin beynəlxalq təşkilatlarda əməkdaşlığının vacibliyini qeyd edib.
İsveçrə parlamentində dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirən Milli Məclis sədri
Oqtay Əsədov bu qrupların təkcə parlamentlər deyil, xalqlarımız arasında da əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib. Dağlıq Qarabağ münaqişəsinə toxunan spiker bəyan edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması bölgədə inkişafa ciddi maneə törədir. Dağlıq Qarabağ münaqişəsi həm regionun, həm də Avropanın təhlükəsizliyinə ciddi təhdiddir. Milli Məclisin sədri onu da qeyd edib ki, Almaniya Bundestaqı və İtaliya parlamenti Cənubi Qafqazdakı vəziyyətə dair xüsusi sənədlər qəbul etmişlər və bu sənədlərdə Ermənistanın işğalçı dövlət olduğu təsdiqini tapmışdır. Hazırda İngiltərə parlamenti də belə bir sənəd hazırlayır. “Biz münaqişənin həllində tutduğu mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə dövlətinə minnətdarıq. Çox istərdik ki, İsveçrə parlamenti də belə bir sənəd hazırlayaraq qəbul etsin”,-deyə Oqtay Əsədov bildirib.