Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti mayın 11-də Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) BDU günlərinin açılış mərasiminə qatılıb. Bu barədə Modern.az-a BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri
Pərvanə İbrahimova məlumat verib.
AMU-nun professor-müəllim heyəti, tələbələr, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, jurnalistlərin iştirak etdiyi tədbiri Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraimov açıb. Qonaqları salamlayan rektor Azərbaycanın ən qocaman ali təhsil ocağı - Bakı Dövlət Universiteti ilə əlaqələrin daha da genişləndirilməsi, tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Abel Məhərrəmov Azərbaycan-Qazaxıstan əlaqələri, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin gənclər üçün yaratdığı şərait, onların dünyanın ən nüfuzlu təhsil ocaqlarına göndərilməsi və digər məsələlər haqqında danışıb, Avrasiya Milli Universiteti ilə əməkdaşlığa çox böyük önəm verdiyini bildirib.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov isə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafından bəhs edib, səfirliklə bu təhsil ocağı arasında yaranmış xoş münasibətlərdən danışıb.
Sonda Abel Məhərrəmova Avrasiya Milli Universitetinin fəxri doktoru adı verilib, müvafiq diplom təqdim olunub. Akademik Abel Məhərrəmov AMU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə həmkarı, professor Baxıtcan Abdraimov başda olmaqla, bütün tədbir iştirakçılarına təşəkkür edib: «Söz verirəm ki, mənə göstərilən bu yüksək etimadı doğruldacaq, gələcəkdə təkcə universitetlərarası yox, ölkələrimiz arasında da dostluq, qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Ölkələrimiz və xalqlarımızın gələcək inkişafı dünyəvi və regional problemlərimizin birgə həllindən asılıdır. Siyasi, iqtisadi və intellektual kapitalımızı birləşdirməklə xalqlarımızın rifahı naminə qarşımıza çıxan bütün maneələri dəf edə bilərik. İnanıram ki, xalqlarımız gələcəkdə də dostluq əlaqələrini qoruyub saxlaya biləcəklər».
|
|