Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin böyük oğlu Marat Bakiyev ölkəsində kütləvi iğtişaşların təşkilinə görə 1 milyon dollar vəsait ayırıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Xidmətinin sədri səlahiyyətlərini icra edən Keneşbek Duyşebayev bildirib. Onun sözlərinə görə, bu fakt aparılmış təhqiqatlar gedişində sübut olunub. “Bu pullar iğtişaş iştirakçılarına ödənilib və digər qeyri-stabilləşdirici fəaliyyətlərə sərf olunub”,-deyə Duy şebayev bildirib.
Qeyd edək ki, Marat Bakiyev atasının prezidentliyi dövründə Dövlət Mühafizə Xidmətinin sədri müavini postunu tutub. Aprelin 7-də iğtişaşlar zamanı ölkəni tərk edib. Müvəqqəti hökumət onu kütləvi qətllərdə ittiham edərək axtarışını elan edib.