Üç partiyanın təmsil olunduğu “Azadlıq” bloku demokratik seçkilər, sərbəst toplaşma azadlığının təmin edilməsi, seçki məcəlləsinə dəyişiklik edilməsi və Dağlıq Qarabağla bağlı aparılan danışıqlara aydınlıq gətirilməsi tələbi ilə bu gün “Nərimanov” kinoteatrının qarşısında mitinq keçirmək qərarı verib.
Bakı Şəhər İcra Hakimiyyəti “Azadlıq” blokuna mitinq üçün şəhərdən kənarda yer ayırdığı üçün aksiyanın təşkilatçıları etiraz ediblər və mitinqin icazəsiz keçirilməsi haqda qərar veriblər.
Təşkilatçılar aksiyanın bu gün saat 15.00-da keçiriləcəyini bəyan ediblər.
“Azadlıq” blokunun mayın 15-də “Nərimanov” kinoteatrı qarşısına təyin etdiyi mitinqin təşkilatçılarından olan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov, Liberal Partiyasından Bəybala Məmmədov, Vətəndaş və İnkişaf Partiyasından Ramil Hüseynov dünən Bakı Şəhər Baş Polis İdarəsində olublar. İdarənin rəis müavini Yaşar Əliyev təşkilatçıların nümayəndələrinə xəbərdarlıq məktubu təqdim edib.