Modern.az

Otlaq sahələri hansı rayonlarda məhv edilir?

Otlaq sahələri hansı rayonlarda məhv edilir?

Təhsil

15 May 2010, 15:27

 

Modern.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə qışlaqların, yaylaqların və meşələrin idarə edilməsi ilə bağlı layihəyə həsr edilmiş mətbuat konfransı keçirilib. Mətbuat konfransını açan ekologiya və təbii sərvətlər naziri H.Bağırov BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə qışlaqların, yaylaqların və meşələrin idarə edilməsi ilə bağlı layihə barədə məlumat verərək, mövcud torpaqların əsasən icarə yolu ilə fermerlərə verildiyini, Azərbaycanda yarımköçəri maldarlığın mövcud olduğunu, heyvanların yayda dağlara, qışda isə qışlaqlara aparıldığını deyib. Nazir bildirib ki, qoyunçuluq və maldarlıq təsərrüfatı ilə məşğul olan fermerlər mal-qaranın sayını artırdıqca, otlaq sahələri daha çox deqradasiyaya uğrayır. ”Rəsmi statistikaya görə, Azərbaycanda 8 milyon qoyun, 3 milyona yaxın iribuynuzlu mal-qara saxlanılır. Fermerlər, çobanlar yaxşı ot olan yerlərdə mal-qara otarırlar. Artıq bu ənənəvi hal alıb. Sovet dövründə tətbiq olunan normaya görə, bir hektarda 4 qoyun otarılmalı idi. Ancaq indi işğalda olan torpaqları çıxsaq, yaylaqlarda 1, 9 milyon, qışlaqlarda isə 2, 8 milyon, yəni  normadan çox heyvan saxlanılır. Deməli bir hektara təxminən 10-15 dəfə çox mal-qara düşür”. H.Bağırov deyib ki, bu gün daha çox otlaq sahələrinin məhv edildiyi ərazilər Göygöl, Goranboy, Beyləqan, Samux, Bərdə rayonlarıdır. H.Bağırov həmçinin bildirib ki, qışlaqların, yaylaqların və meşələrin idarə olunması ilə bağlı beynəlxalq aləmdə qabaqcıl təcrübələr mövcuddur və Azərbaycanın bununla bağlı layihələrə ehtiyacı var. Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin direktoru səlahiyyətlərini icra edən Nura Həmlacı 1 ildən sonra başlanacaq layihənin pilot olaraq bir neçə ərazidə həyata keçiriləcəyini, layihənin nəticələri özünü doğruldarsa, tədbirlərin digər ərazilərdə də tətbiq olunacağını bildirib. O, həmçinin qeyd edib ki, maldarlıq və qoyunçuluqla məşğul olan fermerlər bu fəaliyyətlə mütəmadi məşğul olmaq istəyirlərsə, o zaman bu layihənin icrasına dəstək olmalıdırlar. “Otlaq və meşə sahələrinin davamlı idarə olunması” layihəsi torpaqların deqradasiyaya uğramasının və çox istifadə olunmasının qarşısının alınmasına, meşə, yaylaq, qışlaq torpaqlarının səmərəli idarə olunmasına imkan verəcək. Proqramın eksperti Cefri Qriffin isə bildirib ki, onlar Azərbaycan tərəfini lazımi avadanlıq və proqramlarla təmin edəcək, müxtəlif ölkələrdə əldə olunmuş qabaqcıl təcrübəni Azərbaycana gətirəcəklər. Həmçinin o, layihənin meşə və otlaqların təbii sağlamlığının qorunması və bərpasına, otlaqların həddən artıq istifadə olunmasının və torpaq eroziyasının qarşısının alınmasına kömək edəcəyini vurğulayıb. Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı dünyanın 45 ölkəsində torpaqların deqradasiyaya uğramasının qarşısını almağa kömək edən layihələr həyata keçirir. Günay MUSAYEVA

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi