Ukrayna millətçiləri Rusiya prezidenti Dmitri Medvedevin Kiyevə bu gün başlayan rəsmi səfərini boykot edir. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, Ukrayna milisi Prezident Administrasiyası binasının mühafizəsi üzrə gücləndirilmiş iş rejiminə keçib. Prezident aparatında bu tədbiri Medvedevin Kiyevə gəlişi və müxalifətçilərin mümkün etiraz aksiyası ilə izah edirlər. “Azadlıq” və “Ukrayna uğrunda” Ümumukrayna Milli Hərəkatı Medvedevin səfəri gedişində “Yanukoviçin xəyanətkar siyasəti”nə etiraz aksiyası təşkil edəcəyini bəyan edib. Kiyev məhkəməsi müxalifətin mitiniq keçirmək barədə müraciətini rədd edib. Məhkəmə Rusiya prezidentinin səfəri gedişində insidentlərin baş verməsini istisna etmir.
Qeyd edək ki, Medvedev bu gün Kiyevə Rusiya prezidenti kimi ilkə dəfə olaraq səfər edir. Bir sıra vacib dövlətlərarası müqavilələrin imzalanması gözlənilir. Ukrayna müxalifəti hesab edir ki, bu razılaşmalar ölkənin milli maraqlarına ziyan vura bilər.
Medvedev Kiyevə səfəri ərəfəsində mətbuata verdiyi açıqlamada ana tərəfdən Ukrayna ilə bağlı olduğunu deyib.