Modern.az

Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilib (fotolar)

Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilib (fotolar)

Təhsil

17 May 2010, 13:03

 

Mayın 15-də Marneuli şəhərində Gürcüstanın azərbaycanlı gənclərinin I qurultayı keçirilib. Modern.az xəbər verir ki, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə keçirilmiş qurultayda Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Sabir Hacıyev, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Kvemo-Kartli qubernatorunun müavinləri Hüseyn Yusifov, Koba Kubiaşvili, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Gürcüstan azərbaycanlı gənclərinin I qurultayının təşəbbüs qrupunun rəhbəri Leyda Məmmədova çıxış edərək qurultayın çağrılmasının məqsədi barədə danışıb. O qeyd edib ki, toplantının əsas məqsədi Gürcüstanın azərbaycanlı gənclərini bir araya gətirmək və onların cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl layihlər həyata keçirməkdir. L.Məmmədova qurultayda 202 nəfər nümayəndədən 165 nəfərin iştirak etdiyini bildirib. O, qurultayın işində Gürcüstandakı azərbaycanlı gənclərin təsis etdiyi 18 təşkilatın nümayəndəsinin iştirak etdiyini diqqətə çatdırıb. Toplantıda Gürcüstanın azərbaycanlıların yaşadığı bütün bölgələr təmsil olunub.

Qurultayda təbrik sözü söyləyən Azərbaycan respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına salamlarını çatdırmışdır. O, bu tədbirin əhəmiyyətini yüksək qiymətələndirib və toplantının azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına önəmli töhfələr verəcəyinə inamını ifadə edib.

Milli Məclisin deputatı Qənirə Paşayeva son illərdə Gürcüstanda azərbaycanlıların problemlərinin həlli sahəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini qeyd edib. O deyib ki, Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi, ARDNŞ və digər təşkilatların həyata keçirdiyi bu layihələr azərbaycanlıların cəmiyyətə inteqrasiyasını stimullaşdırır. Q.Paşayeva Gürcüstanın Azərbaycan dilli məktəblərində gürcü dili kurslarının açılması nəticəsində dövlət dilini bilən yeni kadrların yetişdiyini vurğulayıb. Millət vəkili qurultayın azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə kimi tarixə düşəcəyinə inandığını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov qurultayın azərbaycanlı gənclərin problemlərinin həllinə layiqli töhfələr verəcəyinə inandığını deyib. Toplantıda Milli Məclisinin deputatları Rauf Əliyev, Sabir Hacıyev, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Kvemo-Kartli qubernatorunun müavinləri Hüseyn Yusifov, Koba Kubiaşvili və digərləri çıxış edərək gənclərə uğurlar arzulayıblar.

Qurultayda çıxış edən cənclər təşkilatlarının nümayəndələri onları narahat edən problemlərdən danışıb, azərbaycanlıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilmiş layihələri təqdir etdiklərini bildiriblər. Çıxışlarda bəzi gənclərin dövlət dilini bilməməsi, dövlət idarəçiliyində soydaşlarımızın məhdud şəkildə təmsil olunması, hüquqi maarifləndirmə sahəsində mövcud olan çətinliklər, insan hüquqlarının pozulması halları ilə bağlı bir sıra problemlərə toxunulub. Çıxış edənlər Gürcüstan azərbaycanlı gənclərinin I qurultayının çağırılmasını mühüm tarixi hadisə kimi qiymətləndiriblər.

Tədbirdə Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqının yaradılması məsələsi müzakirə olunub. İştirakçılar belə bir qurumun yaradılmasının zəruri olduğunu bildiriblər. Çıxış edən gənclər təşkilatlarının nümayəndələri yeni yaradılacaq qurumun azərbaycanlı gənclərin problemlərinin həlli, cəmiyyətə inteqrasiyası sahəsində uğurlu layihələr həyata keçirəcəyinə inandıqlarını söyləyiblər. Müzakirələrin nəticəsi olaraq, Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqının Nizamnaməsi səsə qoyulub və böyük səs çoxluğu ilə təsdiq edilib. Sonra nizamnaməyə uyğun olaraq 13 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Gürcüstanın azərbaycanlı gənclərinin I qurultayının iştarakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Gürcüstan Prezidenti Mixail Saakaşviliyə müraciətlər qəbul edilib.

Sonda Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqının İdarə Heyətinin iclası keçirilib və Marneuli Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin QHT-lərlə iş sektorunun rəhbəri Leyla Məmmədova İdarə Heyətinin sədri seçilib.

Tədbirdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin müraciətinə əsasən AFFA-nın nümayəndəsi, millət vəkili Rauf Əliyev Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli 10  orta məktəbə idman geyimləri, digər məktəblərə  isə futbol topları hədiyyə edib. Qeyd edilib ki, AFFA-nın bu köməyi gələcəkdə də davam etdiriləcək.

 

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi