Bakıya rəsmi səfərə gələn Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. (AzərTAc). Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verib. Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan rəsmi foto çəkdiriblər.
Mayın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yeri gəlmişkən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğanın görüşü olub.