Mayın 17-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Görüşdə bir sıra önəmli qərarlar qəbul edilib.
Türkiyə ilə Azərbaycan arasında qaz sazişinin imzalanması məsəlisinə də baxılıb. İyunun 7-8-də İlham Əliyev Türkiyəyə səfər edəcək və saziş o zaman imzalanacaq.
Geniş tərkibdə danışıqlardan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olub. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mətbuat üçün bəyanatlarla çıxış edib, sonra jurnalistlərin suallarını cavablandırıblar.
“Azadlıq” radiosunun məlumatına görə Prezident İlham Əliyev deyib ki, «əgər Ermənistan yenilənmiş Madrid təklifinə müsbət cavab verərsə və bunun əsasında qoşunlarının Azərbaycan torpaqlarından çıxması prosesi başlanarsa, Azərbaycan Ermənistanla bütün sərhədləri və kommunikasiya xətlərini açacaq». İ.Əliyev deyib ki, yalnız bundan sonra bölgədə tam sülh yarana və təhlükəsizlik tədbirləri təmin oluna bilər. Dövlət başçısı bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupu tərəfindən yenilənmiş Madrid prinsipləri əsasında verilən təklifləri kiçik istisnalarla qəbul edib və eyni yanaşmanı Ermənistan tərəfindən də gözləyir: «Baxmayaraq ki, təklifin verilməsindən altı ay keçib, amma Ermənistan tərəfindən müsbət cavab verilməyib. Biz bunu belə qəbul edirik ki, sadəcə Ermənistan tərəfi çalışır ki, vaxtı uzatsın, məsələnin həlli üçün önəmli addımlar atmasın və beləliklə bu danışıqlar prosesi daimi bir prosesə çevirilsin». İlham Əliyevə görə, Dağlıq Qarabağ danışıqlarının bütün həlledici məqamlarında Ermənistan danışıqların pozulmasıyla bağlı müxtəlif addımlar atıb. «Əgər Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilən təklifə müsbət cavab verərsə, tərəflər məsələnin həllinə yaxınlaşacaq, yox əgər müsbət cavab verilməyəcəyi halda danışıqlar prosesi pozulacaq» - deyə İlham Əliyev bildirib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Prezident İlham Əliyevlə Azərbaycan və Türkiyə strateji əməkdaşlıq Şurası yaranması barədə razılığa gəlinib: «Hörmətli Prezident ilə qərar verdiyimiz ən önəmli məsələlərdən biri də yüksək səviyyədə strateji işbirliyi şurasının qurulması ilə bağlı aldığımız qərardır. Həmkarlarımız indi onun hazırlanması üzərində iş aparırlar. İlham Əliyevin İstanbul ziyarəti zamanı imzalarımızı birlikdə atmaq imkanımız olacaq». Ərdoğan deyib ki, bu təşəbbüs çox əhatəli olacağı üçün Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən ən önəmli addım olacaq. Bununla yanaşı, Ərdoğan xüsusilə iqtisadi sahədə daha fərqli addımlar atmaqla iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsini daha da irəliyə aparmağın vacibliyini vurğulayıb: «Beynəlxalq iqtisadi böhrandan Azərbaycan da güclü çıxan, fürsəti yaxşı dəyərləndirən ölkələrdən biri oldu. Türkiyə də bu böhranı ən az zərərlə atladan ölkələrdən biri idi. Bu mövqeyimiz, inanıram ki, bizi gələcəkdə çox fərqli məqamlara aparacaq». Modern.az