Gürcüstan Xristian-demokrat partiyasının lideri Giorgi Tarqamadze Bolnisidə azərbaycanlılarla görüş keçirib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, görüşdə yerli sakinlər uzun illərdir həll edə bilmədikləri problemlər barədə danışıblar. Soydaşlarımız xüsusən ekoloji problemləri qeyd ediblər. Bolnisidə onkoloji xəstəliklərin, uşaqlar arasında ölüm hallarının çoxalmasından danışılıb. Bu barədə statistik məlumatların çox həyəcanverici olduğu bildirilib. Torpaqların qeyri-bərabər paylanması da soydaşlarımızı narahat edir. Onlar təsərrüfat mallarını bazarlara çıxarılması problemindən, eləcə də əhaliyə satılan mavi yanacağın qiymətinin baha olmasından şikayətləniblər. Tarqamadze qarşıdan gələn seçkilərdə majoritar namizəd Yelena Qoqebaşvilini əhaliyə təqdim edib. Tarqamadze qeyd edib ki, Gürcüstanın bütün vətəndaşlarının maraqlarının bərabər təmin olunması təmsil etdiyi partiya üçün prioritet vəzifədir.