ABŞ, Rusiya və Çin İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan BMT qətnamə layihəsinə dair razılıq əldə ediblər. Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə
Amerikanın dövlət katibi Hillari Klinton bəyan edib. O deyib ki, layihə bu gün BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq.
Qeyd edək ki, Tehranda üçtərəfli danışıqlar gedişində İran öz uranını Türkiyədə zənginləşdirməyə razılıq verib. Lakin xanım Klinton bildirib ki, təklifə dair cavab verilməmiş suallar qalır: "Mən Rusiya və Çinlə sıx əməkdaşlıqda güclü qətnamə layihəsi əldə etməyimizdən məmnunam. Tehrandan gələn bəyanatlarda cavab verilməmiş suallar qalır. Biz Türkiyə və Braziliyanın səylərini qiymətləndiririk. Lakin biz beynəlxalq birliyi bu güclü qətnamə layihəsinin arxasında birləşməyə səsləyirik",-deyə Klinton bildirib.
Yeni qətnamə layihəsi Tehrana qarşı sanksiyaların miqyasının son dərəcə genişləndirir. Bu qətnamə layihəsində hətta İran üçün nüvə sənayesində istifadə oluna biləcəyi şübhə doğuran yükləri daşıyan gəmilərin təftişi nəzərdə tutulur. Birləşmiş Ştatların BMT-dəki səfiri Süzan Rays layihənin mühüm məqamlarını açıqlayarkən deyib ki, qətnamə layihəsi Təhlükəsizlik Şurasının İranın nüvə fəaliyyətini və kütləvi qırğın silahlarının yayılmamasına dair müqavilənin şərtlərini pozan hər hansı fəaliyyətini qadağan edir. Səfir bildirib ki, yeni sanksiyalar İranın əsasən nüvə sənayesini təsirləndirəcək sahələri əhatə edir. Yeni sanksiyalar İranın hətta adi silahlar almasını belə qadağan edir. Həmçinin İranın nüvə başlığı daşıya biləcək raketlərin istehsal etməsi qadağan olunacaq. Yeni qətnamə həmçinin Tehran üçün xarici banklarla hər hansı köçürmə əməliyyatlarını xeyli çətinləşdrəcək. Bu arada məlum olub ki, qətnamə layihəsində İrana ağır hərbi texnikanın, yəni tank və artilleriya qurğularının, həmçinin döyüş təyyarələri və gəmilərinin satışına da qadağan qoyulur.
Amerika tərəfin son bəyanatı Ankaranın pərtliyinə səbəb olub.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İran üzərinə öhdəliklər qoyan bir saziş imzalanıb və bu sazişin pozulması xoşagəlməz nəticələrə səbəb ola bilər:
Türkiyə baş naziri ad çəkməsə də aydın şəkildə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini nəzərdə tutaraq bildirib ki, regionda nüvə problemini nüvə silahına malik olanların müzakirə etməsi ən azı qəribə görünür.