“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”nın təcrübə mübadiləsi məqsədi ilə dövlət qulluqçularının qarşılıqlı səfərlərinin təşkil edilməsi müddəasına uyğun olaraq Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə Modern.az-a Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qonaqları qəbul edən qurumin sədri Bəhram Xəlilov iki qardaş ölkə arasında bütün sahələr üzrə, o cümlədən də dövlət qulluğu sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.
Görüşdən sonra qonaqlar Komissiyanın test mərkəzi ilə tanış olublar. Burada onlara dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin test imtahanın təşkili barədə ətraflı məlumat verilib. Test imtahanının Azərbaycanda ilk dəfə olaraq kompüter vasitəsi ilə keçirilməsi və bununla bağlı “Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi”nin tərkib hissəsi kimi Komissiya tərəfindən hazırlanmış xüsusi proqram təminatı - “Test imtahanı” sisteminin işi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Sonra Komissiyanın əməkdaşları “Azərbaycan Respublikasında dövlət qulluğunun tənzimləmə institutları”, “Azərbaycan Respublikasında dövlət idarəçilik sistemi”, “Azərbaycan Respublikasında dövlət orqanlarının yaradılması”, “Azərbaycan Respublikasında dövlət qulluğuna qəbul və qulluqda yüksəliş” və “Azərbaycan Respublikasında dövlət qulluqçularının əlavə peşə təhsili” mövzularında təqdimatla çıxış ediblər.
“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”nın təcrübə mübadiləsi məqsədi ilə dövlət qulluqçularının qarşılıqlı səfərlərinin təşkil edilməsi müddəasına uyğun olaraq cari ilin sentyabr ayında Azərbaycan Respublikasının bir qrup dövlət qulluqçusu Türkiyə Respublikasına səfər edəcək.
Modern.az