Mayın 26-da Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və AMEA-nın Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Şərqdə ilk demokratik respublika. Azərbaycan qadını” konfransı keçirilib.
Modern.az xəbər verir ki, tədbir Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 1918-ci ilin 28 mayında Azərbaycan Demokratik Cümhuriyyətinin (AXC) yaradılması və həmin dövrdə qadınlara kişilərlə eyni hüquqları tanıyan qanunvericilik və tarixi hadisələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə keçirilib.
Qeyd edək ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-də hər bir azərbaycanlının fəxri olan tarixi şəxsiyyətlər o illər ərzində bir çox tarixi və önəmli işlərə imza atıblar.
Cümhuriyyətin yaranması ilə 6 maddədən ibarət "İstiqlal Bəyannaməsi" qəbul edilib. "İstiqlal Bəyannaməsi" qısa zaman ərzində bir çox xarici ölkələr tərəfindən tanınıb. Azadlıq mücadiləsinin liderləri dünyanın müxtəlif ölkələrində keçirilən konfranslarda iştirak edərək Azərbaycanı təmsil ediblər.
Konfransda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova çıxış edib. O, Yaxın Şərqdə və İslam dünyasında ilk dünyəvi demokratik dövlət kimi Azərbaycanın tarixi rolu və digər ölkələrə təsiri haqqında danışıb. S.Yusifova bütün Azərbaycan Xalq Cümhuriyyətini parlament idarəetmə formasına, bayrağa, gerbə və himnə malik dövlət olaraq Şərqin ilk demokratik quruluşlu respublikası kimi tanındığını vurğulayıb: “Bu gün biz fəxarətlə deyə bilirik ki, AXC-nin yaranması yaxın qonşularımızın da müstəqillik uğrunda mücadilə aparmasına təkan verib. Ana dilimizin SSRİ dönəmində də dövlət səviyyəsində qorunması, ikinci dövlət dili elan olunmasına görə biz məhz həmin tarixi günü yazanlara borcluyuq. Xatırladım ki, Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul edib. “İstiqlal Bəyannaməsi”nin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur”.
S.Yusifovanın sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. “Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir”.
AXC-nin gətirdiyi üstünlüklərdən söhbət açan S.Yusifova qadın mətbuatının təməlinin qoyulmasında cümhuriyyət hökumətinin güclü təsiri olduğunu da diqqətə çatdırıb.
Sonra tədbirin təşkilatçısı Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ADR-in tarixindən və qadın məktəblərinin açılması prosesindən, elmin və mədəniyyətin inkişafı barədə danışıb.
Prezident yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri filologiya elmlər doktoru Lalə Əhmədova, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, qadın hüquqları üzrə ekspert, fəlsəfə elmlər namizədi Səbinə Qəhrəmanova və başqaları mövzuya aid çıxışlar edıblər.
Modern.az