Modern.az

MİQ-də müsahibə mərhələsinin cavabları AÇIQLANDI

MİQ-də müsahibə mərhələsinin cavabları AÇIQLANDI

Təhsil

29 Avqust 2025, 18:12

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Modern.az-ın məlumatına görə, avqustun 20-dən 26-dək keçirılmiş müsahibələrin cavabları artıq namizədlərin şəxsi kabinetinə göndərilib.

Qeyd edək ki, MİQ-in müsahibə mərhələsinə ümumilikdə 3957 namizəd dəvət olunmuşdu.

İnsan Resursları Mərkəzindən bildirilib ki, müsahibələrdə uğur qazanan namizədlər 3 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 29 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 1 sentyabr saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?