Modern.az

Hökumət fəlakət bölgəsində iclas keçirib

Hökumət fəlakət bölgəsində iclas keçirib

28 May 2010, 22:08

Fəlakət bölgəsində hökumətin iclası keçirilib. 12 rayonun icra başçılarının iştirak etdiyi iclasda əsas müzakirə mövzusu Araz çayında qolun açılması olub. Dövlət Komissiyasının üzvlərinin də qatıldığı müşavirə barədə ANS məlumat verib.

Müşavirə Bəhramtəpə hidroqovşağının inzibati binasında keçirilib. Toplantı təxminən 40 dəqiqə davam edib. Toplantıda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş nazirin müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov, nəqliyyat nazirinin müavini Rüfət Pənahov, "Azəryolservis" SC-nin prezidenti Cavid Qurbanov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Melorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və 12 rayonun icra başçısı iştirak edib. İclasda əsas müzakirə mövzusu Arazda qolun açılması və bu istiqamədə görülən işlər olub. Bu barədə jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

“Bildiyiniz kimi hazırda Araz və Kür çaylarında suyun səviyyəsi qismən də olsa aşağı düşür, amma biz buna arxayın ola bilmərik. Yerlərdə bəndbərkitmə işlərini davam etdiririk. Bu aylar bildiyiniz kimi dağlarda qarın əriməsi, ümumiyyətlə, iqlim nəticəsində hər iki çayda suyun artması bizim bəndbərkitmə işlərimizi daha mükəmməl və möhkəm şəkildə yerinə yetirməyimizi tələb edir”, - deyə Kəmaləddin Heydərov söyləyib.

Arazın qolunun açılması istiqamətində işlər görülür, eləcə də İmişli, Biləsuvar rayonlarına istiqamətlənən yolda körpü tikilib. Müşavirədən sonra Dövlət Komitəsinin üzvləri ərazidə görülən işlərə baxmağa gedib. Onlara orada layihə təqdim olunub. Layihəyə əsasən həmin körpüdə nəqliyyatın istiqaməti növbəli prinsip əsasında tənzimlənərək həyata keçiriləcək. “Azəryolservis” Səhmdar Cəmiyyətinin prezidenti Cavid Qurbanov bildirib ki, bu müvəqqəti körpüdür. Bundan sonra əsas körpünün tikintisi planlaşdırılır.

Qeyd edək ki, Kür və Araz çaylarında suyun səviyyəsi enməkdədir. Araz çayında artıq Horadiz qəsəbəsində çayın səviyyəsi 2.9 metrə düşüb. Eyni zamanda Kür çayında suyun səviyyəsi 50 sm aşağı düşüb, Yevlaxda isə əksinə 15 sm artıb. Mingəçevir su anbarında isə suyun səviyyəsi 83,19 sm-dir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi