İsrail ordusu bu gecə “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, bundan başqa helikopterlərdən biri gəmiyə yaxınlaşıb və bir qrup əsgər iplə gəmiyə düşüb.
CNN Türk-ün məlumatına görə, insident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. Belə ki, həmin gəmi ilə əlaqə kəsilib. Gəmilərin İsrail hərbçiləri tərəfindən zorla Hayfa limanına aparıldığı bildirilir.
"Anadolu" agentliyinin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail televiziyaları isə 16 nəfərin öldüyünü xəbər veriblər.
Kanal 2 televiziyası isə, gəmidəkilərin passiv olmadıqlarını, əsgərlərə bıçaq və çubuqlarla hücum etdiklərini bildirib.
İsrail televiziya kanallarında yayılan məlumatlara görə, yaralılar Aşkelondakı xəstəxanaya aparılıb. Əməliyyat nəticəsində İsrail əsgərlərinin də yaralandığı bildirilir. Onlardan biri Hayfadakı xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisəylə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfiri Qabi Levini nazirliyə çağırıb.
Kanal 10 televiziyasının məlumatına görə, saxlanılanların həbsxanalara yerləşdirilmısi üçün hazırlıq aparılır. Televiziya həmçinin Qəzza zolağındakı gəmilərin dənizə çıxmasının qarşısını almaq üçün Qəzza sahillərinin də tamamilə mühasirəyə alındığını bildirib.
Rəsmi Təl-Əviv hələki baş verənlərlə bağlı rəsmi açıqlama verməyib.
Türkiyə mətbuatının yaydığı ən son məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi hadisə ilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda bildirlib ki, humanitar yardım daşıyan gəminin silahlı hücuma məruz qalması İsrailin sülh təşəbbüslərini əngəllədiyini göstərir. Türkiyə XİN İsrailin Ankaradakı səfirindən hadisəyə dair izahat tələb ediləcəyini də vurğulayıb. Türkiyə XİN artıq İsrailin Ankaradakı səfiri Qabi Levini izahat vermək üçün çağırıb.
Türk mətbuatı xəbər verir ki, bu gün İsrailin Ankaradakı səfirliyi qarşısında Qəzza sektoruna yüzlərlə hüquq müdafiəçisi və minlərlə ton yük daşıyan beynəlxalq humanitar yardım donanmasına münasibətdə İsrail hərbçilərinin hərəkətlərinə qarşı mitinq keçirilir.
Mitinq zamanı nümayişçilərlə polis arasında ciddi toqquşmalar baş verib, hüquq-mühafizə orqanları aksiyanın dağıdılması üçün su şırnaqlarından istifadə ediblər.
CNN Turk telekanalı xəbər verir ki, minlərlə etirazçı İsrailin İstanbuldakı səfirliyini hücumla ələ keçirməyə cəhd göstərir. Lakin türk polisi buna yol verməmək və binanın ələ keçirilməsinin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib.