Modern.az

Azərbaycanda 14 yaşlı tələbə - FOTO

Azərbaycanda 14 yaşlı tələbə - FOTO

Təhsil

1 Oktyabr 2025, 16:26

Bu il peşə təhsili müəssisələrinə aparılan qəbul prosesinin nəticələrinə görə, tələbə adı qazananlardan biri Ümid Mənəfzadə 14 yaşındadır. O, bu il peşə təhsili müəssisələrinə qəbul olan ən kiçikyaşlı tələbədir. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Aşpaz” ixtisası üzrə 3 illik texniki peşə təhsili alacaq. Dövlət sifarişli yerdə oxuyan Ümidin gələcəklə bağlı böyük planları var. Hədəfi restoran sahibi olmaqdır.

Ümid 2011-ci il oktyabrın 18-də anadan olub. İmişli rayonundakı Xocavənd rayon Qaradağlı kənd 1 nömrəli tam orta məktəbdə oxuyub: “Məktəb rayonumuzda yerləşir. Mənə ərazicə ən yaxın məktəb olduğundan burada təhsil aldım”.

Modern.az xəbər verir ki, 14 yaşlı tələbə “Azərbaycan müəllimi”nə IX sinfi bu qədər tez bitirməyinin səbəblərindən də danışıb: “Valideynlərim məni məktəbəhazırlıq qrupuna qoyublar. Ancaq beşyaşlıların 1 ilə öyrəndiklərini 1 ay ərzində mənimsədiyimdən sonradan I sinifdə təhsilimə davam etmişəm. Ona görə də IX sinfi belə tez bitirdim”.

Ümidin fikrincə, məktəbə tez başlamaq yaxşıdır ki, tez qurtarırsan: “Məncə, uşaq olanda adam daha yaxşı, sürətlə qavrayır hər şeyi. Məktəbə tez getdiyimə görə hər hansı çətinliyim olmadı, əksinə, məktəbimizin sürətli oxuyub anlayan şagirdlərindən biri olmuşam”.

“Təhsilimi bitirdikdən sonra işləyib özümü daha çox inkişaf etdirəcəyəm”

Ümid IX sinfi bitirib peşə təhsilinə üz tutub: “Peşə təhsili almaq mənim öz istəyim oldu, çünki aşpazlığı çox sevirəm. Fərqli-fərqli yeməklər bişiməkdən çox xoşum gəlir”. 

Ümid ən çox “Tabaka” yeməyi xoşlayır. Ancaq “Spagetti” bişirmək xoşuna gəlir. Dediyinə görə, oxuyub qurtarandan sonra da öz üzərində işləməyə davam etməlidir ki, əsl hədəfinə çatsın: “Oxuyub təhsilimi bitirdikdən sonra işləyib özümü daha çox inkişaf etdirəcəyəm. Tam hazır olduğumu hiss edəndə isə öz restoranımı açmağı planlaşdırıram”.

Anasından öyrəndiyi yeməklərə özünəməxsus dad qatır

Xüsusi zövqlə hazırladığı yeməkləri evdə hazırlamağa başlayıb, ilk şefi isə anası olub: “Evdə də yeməklər bişirirəm. Yeməklərin çoxunu anamdan öyrənmişəm. Ancaq mən ondan fərqli olaraq, öz fantaziyama uyğun inqrediyentlər əlavə edirəm.  Bildiyimiz yeməklərə fərqli şeylər qatmağı, ya da əlimdə olan ərzaqlarla fərqli yeməklər hazırlamağı, növ-növ şirniyyatlar bişirməyi sevirəm. Mətbəxdə işləməkdən böyük zövq alıram”.

Aşpazlığı sevməsəydi, heykəltaraşlığı seçərdi

Ümid aşpazlıqdan əvvəl başqa ixtisasla da maraqlanıb: “Bacım orta ixtisas təhsili müəssisəsinə qəbul olunduğu üçün biz də onunla Bakıya gəldik. Həmin yay iki ay bərbər yanında köməkçi işlədim. Ancaq bu peşəni sevə bilmədim”.

Amma aşpazlığı əvəz edə biləcək başqa bir peşə də var ağlında: “Əgər aşpazlığı sevməsəydim, heykəltaraş olardım. Bu sənətlə çox maraqlanıram. Məncə, əlimə də yatır. Uşaq vaxtlarımdan evdə plastilin ilə insan sifətləri, karton ilə maşın və başqa oyuncaqlar düzəltmişəm. Fərqli materiallardan çoxlu əl işlərim var”.

Yeniyetmə tələbə artıq ilk tədris ilinə başlayıb. Təhsili uğurla davam edir. Həyatını mətbəxə bağlamaq, karyerasını aşpazlıq üzərində qurmaqda qərarlıdır. Özünü restoranında müştərilərinə unudulmaz dadlar bəxş edərkən xəyal edir. Xəyallarının gerçək olacağına şübhəsi yoxdur. 

Ümidin təqdim etdiyi yeməklərin dadının damaqlarda qalacağına, restoranının şöhrətinin dünyaya yayılacağına ümidi böyükdür.

1466371

Sizə yeni x var
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?