Modern.az

Türk dünyası ilə birgə universitetlər YARADILA BİLƏR

Türk dünyası ilə birgə universitetlər YARADILA BİLƏR

Təhsil

4 Oktyabr 2025, 19:30

Son illərdə Azərbaycanın ali təhsil məkanında beynəlxalq əməkdaşlıq istiqamətində mühüm addımlar atılır. Xüsusilə strateji tərəfdaş ölkələrlə birgə universitetlərin yaradılması bu sahədəki prioritetlərdən biri kimi diqqət çəkir. Ötən gün reallaşan İtaliya-Azərbaycan Universitetinin açılışı da bu baxımdan əlamətdar hadisələrdən biri oldu. Hazırda ölkəmizdə uğurla fəaliyyət göstərən Türkiyə-Azərbaycan və Fransa-Azərbaycan universitetləri beynəlxalq təhsil əlaqələrinin inkişafında mühüm rol oynayır.

Beləliklə, Türk dünyası ölkələri ilə ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, gələcək üçün həm elmi, həm də mədəni baxımdan böyük potensiala malik bir yanaşma kimi gündəmə gəlir. Bu kontekstdə Türk dünyasından yeni tərəfdaş ölkələrlə ali təhsil istiqamətində əlaqələrin qurulması məsələsi də meydana çıxır.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, Azərbaycan təhsilində beynəlxalq əməkdaşlıqların istiqamətini düzgün müəyyənləşdirmək yalnız ali məktəblər üçün deyil, həm də peşə və texniki təhsil sahəsi üçün strateji əhəmiyyət kəsb edir.

“Son illərdə Türkiyə, Fransa və İtaliya ilə qurulan universitetlər göstərdi ki, bu cür tərəfdaşlıqlar sadəcə tələbə mübadiləsi ilə məhdudlaşmır — həm müasir tədris modellərinin gətirilməsinə, həm də iki ölkə arasında intellektual körpülərin yaranmasına şərait yaradır”.

Günay Əkbərova bildirib ki, sözügedən istiqamətdə gələcəkdə Türk dünyasından Qazaxıstan, Özbəkistan və Qırğızıstanla təhsil sahəsində əməkdaşlıqların genişlənməsi çox perspektivlidir:

“Qazaxıstan postsovet məkanında ən beynəlmiləlləşmiş təhsil sistemlərindən birinə sahibdir; Nazarbayev Universiteti kimi nümunələr müasir texnologiya, neft-qaz, süni intellekt və “smart city” layihələri sahəsində birgə proqramlar üçün ideal zəmin yarada bilər. Özbəkistan son illər ali təhsildə geniş islahatlar aparır, beynəlxalq universitetlərin filiallarını açır və xarici təcrübəyə çox açıqdır. Azərbaycanla mədəni yaxınlığı və ortaq dil ailəsinə mənsubiyyəti səbəbindən pedaqogika, dillərin tədrisi, müəllim hazırlığı və humanitar sahələrdə birgə universitet və ya müəllim mübadilə proqramları uğurlu ola bilər. Qırğızıstan isə tələbə mobilliyinə açıq və çevik təhsil mühitinə sahibdir; burada xüsusilə İT, turizm və ekologiya sahələrində ortaq proqramlar böyük potensial daşıyır”.

O həmçinin vurğulayıb ki, bununla yanaşı, əməkdaşlıqlar yalnız universitetlərlə məhdud qalmamalıdır:

“Peşə və texniki təhsil sahəsində ortaq proqramlar da olduqca vacibdir. Hazırda Azərbaycanın peşə məktəbləri əmək bazarının tələblərinə uyğun müasir ixtisaslar təqdim etməyə çalışır, amma beynəlxalq təcrübə ilə daha da zənginləşə bilər. Türk dünyasından olan ölkələrlə birgə peşə təhsili mərkəzləri, qısamüddətli sertifikat proqramları, müasir avadanlıq və texnologiyalarla təmin olunmuş tədris laboratoriyaları qurmaq mümkündür. Xüsusilə Qazaxıstan və Özbəkistanın sənaye, kənd təsərrüfatı və energetika sahələrindəki təcrübəsi, həmçinin Qırğızıstanın turizm və xidmət sektorundakı çevik yanaşması bu sahədə çox faydalı ola bilər”.

Yekun olaraq həmsöhbətimiz əlavə edib ki, belə əməkdaşlıqlar gənclərin yalnız akademik deyil, praktik bacarıqlar qazanmasına, əmək bazarına daha sürətli inteqrasiya olunmasına kömək edər:

“Müasir peşə təhsili modelləri sayəsində region daxilində bacarıqlı mütəxəssis hazırlığı güclənər, işsizlik azalır, iqtisadiyyatın real tələblərinə cavab verən kadrlar yetişdirilər.

Bu baxımdan məncə, Azərbaycanın gələcək təhsil strategiyasında həm ali təhsil, həm də peşə təhsili üzrə türk respublikaları ilə sıx əməkdaşlıq qurmaq çox vacibdir. Bu, gənclərə geniş perspektiv, iş dünyasına isə yüksək ixtisaslı mütəxəssislər qazandırar. Eyni zamanda ölkəmizi bölgədə yalnız elm və universitet mərkəzi deyil, həm də peşə təhsili və texniki bacarıqlar üzrə nümunəvi əməkdaşlıq platformasına çevirə bilər”,- deyə G.Əkbərova qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu