Təhsil eksperti Kamran Əsədovun “Stanford Universitetinin açıqladığı dünyanın ən nüfuzlu alimlərinin 2%-i” siyahısında yer alan azərbaycanlı tədqiqatçılar barədə paylaşımı Qərbi Kaspi Universitetinin sərt reaksiyasına səbəb olub.
Modern.az-ın məlumatına görə, qalmaqal Kamran Əsədovun öz “Facebook” hesabında paylaşdığı statusdan sora başlayıb.
Ekspert iddia edib ki, “Stanford Universitetinin siyahısında” yer alan bəzi tədqiqatçılar əslində həmin universitetlərdə çalışmır və Azərbaycanda yaşamırlar. Onun sözlərinə görə, bəzi özəl ali təhsil müəssisələri, xüsusilə Xəzər və Qərbi Kaspi universitetləri xarici alimlərə “affiliation” bölməsində öz adlarını göstərmək üçün pul ödəyirlər:
“Siyahıda bəzi universitetlərin adları çoxlu sayda “alim”lə təmsil olunur, lakin həmin şəxslər nə o universitetdə işləyirlər, nə də Azərbaycanda yaşayırlar”.
Ekspert bildirib ki, belə praktika Azərbaycanın elmi nüfuzuna zərbə vurur və yerli tədqiqatçıların əməyini kölgədə qoyur: “Belə yalan və manipulyativ “reyting”lər ölkənin elmi nüfuzuna zərbə vurur, real tədqiqatla məşğul olan yerli alimlərin əməyini kölgədə qoyur.”
Kamran Əsədovun bu tənqidinə Qərbi Kaspi Universiteti rəsmi hesabında son dərəcə sərt və emosional cavab yayıb. Paylaşımda ekspertə qarşı təhqiramiz ifadələr işlədilib, onu “saxta təhsil eksperti”, “reket” və “köçürmə möhtəkiri” adlandırıblar.
Universitetin cavabında qeyd olunur ki, Stanford Universiteti kimi nüfuzlu elmi qurumun təhlilinə kölgə salmaq qeyri-peşəkar yanaşmadır:
“Azərbaycandan 41 elmi tədqiqatçının olması, elmimizi yüksək qiymətləndirmək əvəzinə öz işini düzgün qura bilmiş universitetləri təhqiredici ifadələrlə ittiham etmək, adlarını qaralamaq nə deməkdir? Əlavə etdiyimiz siyahıda müxtəlif ölkələrdə çalışan əcnəbi və ya Azərbaycanlı alimlərin hansı universitetlə özünü əlaqələndirdiyi göstərilib. Baxaq bu universitetlər hansıdır? Bahoo! Burada az qala bütün Azərbaycan universitetlərinin adları var ki! Bəs nə əcəb bu düşük şərbaz onları saxta adlandırmayıb?”
Qərbi Kaspi Universiteti bildirib ki, adlarının həmin siyahıda keçməsi onların illərdir qurduğu beynəlxalq əməkdaşlıqların nəticəsidir: “Hazırda əcnəbi alimlərin Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq əlaqəsi uzun illərdir beynəlxalq elmi layihələrin, birgə tədqiqat proqramlarının nəticəsidir”
Kamran Əsədovun keçmişdə bu universitetdə işlədiyi və “qovulduğu” da iddia olunub.
“Özünü təhsil eksperti kimi cəmiyyətə soxuşduran təhsil alverçisinin və tələbə köçürmələri ilə ad çıxarmış möhtəkirin, xırda mafiyoz “ekzemplyar”-ın 30-40 deyil, 70-dən çox Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq edən alim-müəllimləri universitetə gəldikcə bir-bir sübut olaraq gözünə soxacağıq”, - paylaşımda deyilir.
"Köçürmə möhtəkiri, təhsilin “t”-sindən xəbəri olmayan, öz intellekti ilə anlaya bilmədiyi məsələlərə bazar əhli səviyyəsində qiymət verir. Onun yazdıqlarını yayımlayan mətbuat orqanı da onun tayıdır. Anlamır ki, etdiyi reket fəaliyyətindən başqa bir şey deyil! Bu cəmiyyəti sən nə sayırsan? Bunun üçün sən kimsən axı? Həmin Qərbi Kaspi Universitetindən qovulan sən deyilsənmi? Özünü universitetə sırıyıb, tələbələrin kontaktlarını yığıb digər universitetlərə köçürmə ilə məşğul olmaq, öz çirkli biznesinə imkanlar yaratmaq, qısa zamanda da qovulmaq. Bəlkə bunun qıcığı qalıb içində?", - universitet qeyd edib.
Buna cavab olaraq Kamran Əsədov növbəti paylaşımında universitetin tonunu “küçə ritorikası” adlandırıb:
“Təəssüf ki, bir universitet adından yayılan cavab mətni elmi mühitə deyil, küçə ritorikasına bənzəyir. Mənim sosial şəbəkədə yazdığım status bir tənqid idi — Stanford Universiteti və Elsevier tərəfindən dərc edilən beynəlxalq siyahının təhlili. Amma görünür, sadəcə faktlara əsaslanan bir təhlil belə, bəzi “universitet” adlanan qurumları ciddi şəkildə narahat edib.”
Kamran Əsədov, həmçinin “qovulma” iddiasını təkzib edib:
“Mən Qərbi Kaspi Universitetindən qovulmamışam. Müqavilə müddətim bitdikdən sonra öz istəyimlə orada dərs demədim. Həmin vaxt kafedra müdiri və dekan xahiş etsə də, mən universitetin elmi mühitini uyğun görmədiyim üçün davam etmədim. Bu, “qovulma” deyil, elmi mühitin yoxluğu səbəbilə ayrılmaqdır”
Ekspert bildirib ki, tənqidinə görə təhqir olunmasını qəbul etmir və məsələni hüquqi yolla həll etməyə hazırdır:
“Əgər ‘reket’, ‘möhtəkir’ kimi ifadələr üçün üzr istənilməsə, bu məsələni məhkəməyə çıxaracağam.”