Modern.az

Ucqar kəndlərdə müəllimlərin durumu - TƏHLİL

Ucqar kəndlərdə müəllimlərin durumu - TƏHLİL

Təhsil

17 Oktyabr 2025, 08:38

Son statistik məlumatlara əsasən (2024–2025-ci tədris ili üzrə) Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin ümumi sayı 146 329 nəfərdir. Onlardan 74 295 nəfəri şəhər yerlərində, 68 222 nəfəri isə kəndlərdə çalışır.

Rəsmi statistikadan da göründüyü kimi, ölkə müəllimləri arasında kənd məktəblərində çalışanların sayı ümumi göstəricinin az qala tən yarısını əhatə edir. Bu müəllimlərin bir qismi məhz öz yaşadıqları ərazidə yerləşən tədris müəssisələrində çalışsalar da, daha böyük hissəsi uzaq ərazilərdən gəlməli olurlar.

Müəllimlərin sosial rifahı, onların peşəkar inkişafı istiqamətində müəyyən işlər görülsə də, sırf bölgələrdə çalışan, xüsusən də uzaq məsafələrdən, bir inzibati rayondan digərinə işləmək üçün gələn müəllimlər üçün çox az fərqləndirici addımlar atılıb. Müəllimlərin bölgələrə təşviqi istiqamətində isə sözsüz ki, görüləsi xeyli iş var. Burada həm dünya təcrübəsindən yararlanmaq, həm də yeni yerli modellər tətbiq etmək lazımdır.

Təbii ki, hələ xeyli müddət əvvəl tətbiq olunan həvəsləndirmə layihəsi, daşıdığı boşluqlara rəğmən, az qala bu əsnadakı yeganə müsbət nümunə kimi mütləq qeyd olunmalıdır.

Həvəsləndirmə rayon mərkəzindən 3 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. 

Həvəsləndirmənin iki istiqaməti var: H1 və H2.

H1 – rayon mərkəzindən 3 km-dən 20 km-ə, H2 isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. 

Əgər gənc müəllim MİQ müsabiqəsində iştirak edib H1 və ya H2 tətbiq olunan hər hansı məktəbə müddətsiz müqavilə əsasında işə qəbul olunubsa və yaşı 35-dən çox deyilsə, seçdiyi vakant yerdə tətbiq olunan həvəsləndirmədən asılı olaraq hər ay əməkhaqqına H1 üçün 60 manat, H2 üçün 160 manat əlavə olunur.

Lakin burada da narazılıqla qarşılanan üç əsas məqamı xüsusi qeyd etmək lazımdır:

1. Bölgə müəllimlərinin sosial rifahı ilə bağlı H1 və H2 həvəsləndirmələrindən başqa əlavə heç bir davamlı layihənin icra edilməməsi;

2. H1 və H2 qiymətləndirmələrinin yalnız 35 yaşadək tətbiq edilməsi (yəni, yaşı 35-i keçmiş müəllim heç nəyə baxmayaraq bu həvəsləndirmədən yararlana bilməyəcək);

3. H1 və H2 qiymətləndirmələrində əlavə ödənişlərin azlığı. Hər iki kateqoriya üçün müəyyən edilən məbləğlərin (60 və 160 manat) sonradan heç zaman artırılmaması bölgə müəllimlərində motivasiyanın xeyli aşağı düşməsinə səbəb olur. Təbii ki, gündəlik yaşam xərclərinin ildən-ilə artdığı, getdikcə daha da bahalaşdığı müddətdə təyin olunan məbləğin olduğu kimi qalması onun əhəmiyyətini də xeyli azaldır.

Hazırda bölgələrdə çalışan və hər iki qiymətləndirmə kateqoriyasına aid edilən müəllimlər də əlavələrin o qədər də yüksək təsir gücünə malik olmadığı qənaətindədirlər. Digər bölgələrdən işləmək üçün gələnlərin demək olar ki, hamısının kirayə mənzillərdə yaşaması reallığı, əlavə ödənişlərin yüksək olmadığının bir nümunəsidir. Kənd yerlərində kirayə haqqı şəhərlə müqayisədə çox yüksək olmasa da, ən azından 200–300 AZN aralığında dəyişən kirayə qiymətləri kimsəyə sirr deyil.

Hazırda bölgələrdə çalışan müəllimlər arasında apardığımız kiçik rəy sorğusuna əsasən, onların “istəklər paketi”ndə əsasən bir neçə gözlənti var. Onlar bir bölgə müəllimi üçün daha çox bu güzəştlərin edilməsini istəyirlər:

Birinci istək

Bölgədə çalışan gənc müəllimləri ən çox qayğılandıran və həllini bəlkə də hər şeydən çox istədikləri məsələ kirayə mənzil problemidir. Bir çox bölgə müəllimləri sırf bu səbəbdən ən sonda hətta oradakı fəaliyyətlərinə xitam verməli olublar. Kirayə mənzil məsələsində özünü göstərən bir neçə problematik detal: mənzilin məktəbə xeyli uzaqlığı, aylıq kirayə haqqının bahalığı və mənzilin hədsiz şəraitsizliyi. Hazırda bir müəllim üçün bəzi bölgələrdə uyğun yaşayış yeri tapmaq həmin ərazidə iş tapmaqdan belə ağır başa gəlir. Xüsusən də bölgələrə işləmək üçün gedən xanım müəllimlər üçün bu daha çətindir.

İkinci istək 

Bölgə müəllimlərinin xüsusi ehtiyac duyduğu məqamlardan biri də kommunal xərclərdə bəzi güzəştlərin edilməsidir. Bildiyimiz kimi, H1 və H2 üçün nəzərdə tutulan əlavələr uzun illərdir ki, eyni olaraq qalır (yuxarıda da qeyd olunduğu kimi, H1 – 60 AZN, H2 – 160 AZN). 

Lakin bu illər ərzində yaşam xərclərinin bahalaşması, kirayə və ərzaqla bərabər, kommunal xərclərin də qiymətinin artması gənc müəllimlər üçün xüsusi çətinlik yaradır. Bu səbəbdən də bölgələrdə çalışan gənc müəllimlərin bir qismi kommunal xərclərlə bağlı nəzərə alınmalarını arzu edirlər. Nəzərə alaq ki, bölgələrdəki müəllimlər fərqli fənləri tədris edir və həmin fənlərin tələbatından asılı olaraq müxtəlif dərs saatları ilə kifayətlənməli olurlar. Məsələn, bölgədə dərs deyən riyaziyyat müəllimi ilə texnologiya fənni müəllimini fərqləndirmək lazımdır.

Üçüncü istək 

Kiçik sorğuda iştirak edənlər arasında H3 əlavəsinin tətbiqini xahiş edənlər də olub. Doğrudur, H3 əlavəsi məsafə amilinə görə nəzərə alınsa, o zaman gərək rayon mərkəzindən 40–50 km aralıqda olanlara şamil edilsin. Çünki H2 əlavəsində bu məsafə 20 km-dən sonra başlayır ki, bu da əksər bölgələrin ərazi-inzibati vahidinə qəti uyğun gəlmir. Lakin daha çətin şəraitdə, ucqar ərazidə, qışda minik avtomobillərinin belə hərəkət edə bilmədiyi dağlıq yerlərdə dərs deyən fədakar müəllimlərə ayrıca olaraq H3 əlavəsi tətbiq etmək olar.

Bölgə müəllimlərinin istəklərini, təbii ki, üç müddəa ilə yekunlaşdırmaq olmaz. Lakin ən çox vurğulanan meyarlar olduğu üçün yuxarıdakıları xüsusilə qabartmaq zəruridir. Bölgədə çalışan gənc müəllimlərin problemləri və bu problemlərin həllinə yönəlmiş istəkləri təbii ki, daha çoxdur. Məsələn, kənd məktəbinin infrastruktur çatışmazlığı, kitabxana fondunun hədsiz kasadlığı, ali təhsil müəssisələrinə hazırlıq üçün əlavə vəsaitlərin tapılmaması və s. bunlar hamısı bir çox bölgə məktəblərində orada çalışan gənc müəllimlərin çiyinlərində dayanan əsas problemlərdir. Amma kaş ki, problemlər elə bunlarla da bitə.

Bu gün bölgədə çalışmağı qəbul edən gənc müəllim həm də aşağıdakı problemləri “qazanmış olur”:

1. Karyerasının ləngimə moduna keçməsi və “ölü xətt” üzrə geriləməsi. Bilirik ki, paytaxtın qaynar həyatından, bir çox məsələlərə çatımlılıqdan, texniki və təşkilati üstünlüklərdən imtina etmiş bir müəllim öz pedaqoji karyerasında da ciddi problemlər yaşayacaq. Bölgə müəllimi təkcə maddi yox, həm də mənəvi, daha çox isə innovativ mühit problemi yaşayan şəxsdir.

2. Sağlamlıqla bağlı yaranan problemlər. Bilirik ki, bölgələrdə çalışan müəllimlərin böyük qismi işləmək üçün başqa ərazilərdən gələnlərdir. Doğrudur, ölkəmizdə bölgələr arasında iqlim uyuşmazlığı, hava uyumsuzluğu o qədər də çox deyil. Lakin xüsusən də son illərdə sırf havaya uyğunlaşa bilmədiyi üçün dərs dediyi kənd məktəbini yarım qoyan xeyli sayda müəllimlər vardır. Uzun illər bir əraziyə öyrəşən orqanizm üçün birdən-birə tamam başqa coğrafi şərtləri olan yerdə yaşamaq o qədər də asan deyil. Məsələn, bu vaxtadək düzən ərazidə yaşamış müəllim ucqar dağlıq ərazidə (və ya əksinə) çalışmağa başlayanda istər-istəməz səhhət pozuntusu yaşaya bilər. Bu səbəbdən də yaranmış səhhət probleminə görə iş yerini dəyişən, hətta itirən müəllimlərimiz də olub.

3. Uzaq məsafə və şəraitsiz ev. Bəzi bölgələrdə kənd məktəbinə yaxın ərazidə ev tapa bilməyən müəllimlər məcburi surətdə hər gün dərsə gələrkən uzaq yol qət etməli olurlar. Hətta qış vaxtı məktəb yolunun müəyyən hissəsini çətinliklə də olsa piyada, yaxud atla adlayanlar az olmayıb.

Dünyada tətbiq olunan müsbət nümunələr

Belə olduğu təqdirdə ortaya çox ciddi sual çıxır: bölgədə çalışan müəllimlər üçün hansı addımlar atmaq, onların digər həmkarlarını kənd məktəblərinə təşviq etmək üçün nə kimi işlər görmək lazımdır? Təbii ki, yerli pedaqoji mühitin tələblərinə uyğun olaraq bu istiqamətdə məsələnin həlli yolları üçün bir neçə təklif irəli sürmək olar. Lakin əvvəlcə dünya təcrübəsinə nəzər salaraq, uzaq məsafələrdə çalışan müəllimlər üçün atılan stimullaşdırıcı addımlardan bir neçəsinə diqqət yetirək:

Avropa ölkələrində ucqarlarda dərs deyən müəllimləri prosesə cəlb etmək üçün daha çox sosial aspektdən işlər görülür. Məsələn, Böyük Britaniyada əyalətlərdə çalışan müəllim (xüsusən də gənc müəllim) üçün xüsusi təqaüd proqramı, burs tətbiq olunur. Həmçinin o, vergi məsələlərində də müəyyən dərəcədə güzəştlərə sahib olur. Bu hələ son deyil, uzaq məsafələrdə, xüsusən də coğrafi baxımdan çətin şəraitli ərazilərdə çalışan müəllimlərə birdəfəlik birillik maddi yardım verilir. “Ucqar ərazi müəllimləri”nin əsas problemi olan mənzillə bağlı da müəyyən güzəştlər edilir: subsidiyalı kirayə, həmçinin köç xərclərinin qarşılanması bu güzəştlər paketinə aiddir. Yeri gəlmişkən, bu addımı təkcə Böyük Britaniya yox, Skandinaviya ölkələri də atır. Təhsil keyfiyyəti çox yüksək olan Skandinaviya ölkələrində məktəb təminatlı mənzil paketləri, xüsusən də kiçik və əhalisi az olan kəndlərə çalışan müəllimlərə şamil edilir.

Almaniyada kənd müəllimləri üçün nəzərdə tutulan əlavə ödənişlər əyalətdən-əyalətə fərqlənir. Yəni burada hər əyalət öz şərt və qaydalarını kənd müəllimi üçün tətbiq edir. Bu əsasən maddi yardımlar və xüsusi mükafatlar şəklində olur.

Fransada əlverişsiz zonalarda işləyən müəllimlər üçün xüsusi layihələr həyata keçirilir. Əlverişsiz ərazilərdə çalışan müəllimlər REP modeli əsasında müəyyən resurs və əlavə imtiyazlarla təmin olunurlar.

Qardaş Türkiyədə ucqarlarda çalışan müəllimlər üçün əlavə maddi vəsait daimi formada nəzərdə tutulmasa da, kənd məktəbləri və ucqarlarda təhsilin inkişafı ilə bağlı həyata keçirilən layihələr bu istiqamətdə müsbət danışmağa əsas yaradır. Həmin layihələr müəllim üçün həm motivasiya, həm PR, həm də bir çox sosial problemlərin həlli üçün zəmin yaratmış olur.

Problemin həlli yolları

Mövzu ilə bağlı bir çox ölkələrin xeyli sayda təşviqedici addım nümunələrini sadalamaq olar. Lakin təəssüf ki, yerli təhsil mühitində bu məsələdə kifayət qədər ürəkdolusu danışmaq mümkün deyil. Təəssüf ki, H1 və H2 həvəsləndirmələrindən başqa bölgə müəllimi üçün özünün sistemliliyi və davamlılığı ilə fərqlənən hər hansı xüsusi layihələrə rast gəlinmir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə xüsusi proqramlar hazırlamalı və bölgə müəllimlərinə təşviqedici təklifləri ötürməlidir. Təəssüf ki, H1 və H2-nin belə yaş limitinə tabe olması (35 yaşadək) müəllimlərdə bu məsələdə də müəyyən demotivasiya yaradıb.

Xüsusi pul mükafatları və digər motivasiyaedici jestlərin olmaması isə xüsusi qabardılası məsələlərdən biri sayılmalıdır. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü və digər xüsusi günlərdə PR məqsədilə bu qəbildən çəkilən süjet və hazırlanən videoroliklərlə işi məhdudlaşdırmaq olmaz. Bölgələrə getməklə karyerasında onsuz da ciddi maneə yaradan kənd müəllimi ilboyu özü ilə bağlı motivasiyaedici və sosial effektli layihələrin tam mərkəzində olmalıdır. Yeri gəlmişkən, ayrı-ayrı müstəqil təşkilatlar, donorlar bu istiqamətdə müəyyən layihələrə açıq olmalıdırlar.

Problemin bir başqa tərəfi isə kənd müəllimi üçün innovativ mühitin yoxluğudur. Bu, yeni və yaradıcı ideyalarla zəngin olan gənc kadr üçün həddindən artıq böyük peşmanlıq amili hesab edilə bilər. Odur ki, pilot xarakterli də olsa, bir neçə bölgədə Regional təhsil idarələrinin təşkilati dəstəyi ilə ucqarlarda innovativ layihələrin tətbiqi vacibdir. Bu, orada çalışan müəllim üçün həm karyera, həm motivasiya, həm də sosial aspektdən çox uğurlu addım olacaqdır.

Xüsusi təkliflər

Yuxarıda sadalanan detallarla yanaşı, müəllimləri kənd məktəblərinə təşviq etmək üçün aşağıdakı təklifləri həyata keçirmək faydalı ola bilər:

1. İlk növbədə H1- H2 həvəsləndirmələri ilə bağlı məsələlərə yenidən baxılmalı, bu layihə çərçivəsində tətbiq olunan əlavələrin məbləği artırılmalı və yaş senzusu ləğv edilməlidir.

2. Bölgələrə iri şəhərlər və digər uzaq yaşayış məntəqələrindən gedən müəllimlər üçün kirayə mənzil və kommunal xərclər məsələsində xüsusi sosial güzəşt paketi hazırlanması pedaqoji mühit üçün çox cəlbedici ola bilər.

3. Bölgələrdə çalışan müəllimlərə ölkəçaplı layihə və müsabiqələrdə, qiymətləndirmə tələb edən proseslərdə xüsusi diqqət göstərilməli, digər həmkarları ilə müqayisədə müəyyən güzəştlər edilməlidir.

4. Bu müəllimlər üçün ildə bir neçə dəfə olmaqla İT, çağdaş təhsil brendlərinin tətbiqi, süni intellekt və s. ilə bağlı pulsuz seminar və treninqlərin təşkili çox vacibdir.

5. Daha çətin relyefli ərazilərdə işləyən müəllimlər üçün Elm və Təhsil Nazirliyi tərəfindən ayrıca fəaliyyət proqramı hazırlanmalı, onların həm tibbi, həm də digər xidmətlərdən ödənişsiz şəkildə yararlanmaları təmin edildiyi halda bu, xüsusi təşviqedici hal sayıla bilər.

Elmin Nuri,
Təhsil məsələləri üzrə tədqiqatçı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ