Son illər Azərbaycanda doktorantura pilləsində bir sıra çağırışlar müşahidə olunur. Doktorantların həm təhsil, həm də elmi müdafiə mərhələsində üzləşdiyi çətinliklər, bu prosesin daha çevik və faydalı mexanizmlərlə yenidən düşünülməsini, eləcə də islahatların zəruriliyi məsələsini də gündəmə gətirir.
Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, hazırda Azərbaycanda doktorantlar iki paralel sistemin tələblərini yerinə yetirməli olurlar. Onun sözlərinə görə, onlar bir tərəfdən təhsil aldıqları universitetdə müdafiə və qiymətləndirmə prosedurlarını keçir, digər tərəfdən isə Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə uyğun ayrıca mərhələlərdən keçirlər. Bu isə həm vaxt baxımından çoxuzun və resurs baxımından yüklü, həm də motivasiyanı zəiflədən bir prosesə çevrilir.
“Üstəlik, doktorantura təhsili rəsmi olaraq 3 və ya 4 il göstərilsə də, reallıqda bu proses çox vaxt 6–8 il, bəzən isə daha artıq çəkir. Bu qədər uzunmüddətli və paralel prosedurlar, xüsusən də eyni zamanda dərs deyən və ailə məsuliyyəti daşıyan tədqiqatçılar üçün həm maddi, həm də psixoloji cəhətdən böyük yük yaradır”.
Müsahibimiz bildirib ki, əslində, dünyada bu mexanizm daha sadələşdirilmiş və çevik şəkildə qurulmaqla yanaşı, elmi rəhbərlik, tədqiqat keyfiyyəti və beynəlxalq nəşrlərlə ölçülən vahid sistemlər üstünlük təşkil edir:
“Məsələn, Böyük Britaniya, Finlandiya, Estoniya və Kanada kimi ölkələrdə doktorantura imtahanları təkcə nəzəri bilikləri deyil, tədqiqatın elmi məntiqini, metodologiyasını və praktik dəyərini qiymətləndirir. Orada “research proposal defense” və ya “doctoral colloquium” kimi mərhələlər mövcuddur ki, doktorant tədqiqatını müdafiə etməzdən əvvəl onun elmi məntiqini auditoriyada əsaslandırır”.
O, həmçinin vurğulayıb ki, Azərbaycanda da bu modelə yaxınlaşmaq üçün bir sıra islahatlar mümkündür:
“İmtahan məzmunu test və faktoloji yoxlama formatından çıxarılmalı, analitik və tədqiqat yönümlü olmalıdır. Habelə, doktorantların metodologiya, akademik yazı və tədqiqat etikası üzrə ayrıca qiymətləndirilməsi də vacibdir. Elmi rəhbərlik və mentorluq mexanizmləri isə elə gücləndirilməlidir ki, tədqiqat prosesi formal yox, sistemli xarakter daşısın”.
Müsahibimiz onu da əlavə edib ki, dünyada bir çox universitetlər “doctoral research school” və ya “supervision consortium” modelləri tətbiq edir. Onun fikrincə, bu, tədqiqatçıların tənhalığını azaldır, bununla yanaşı, birgə öyrənmə və elmi paylaşım mühiti formalaşdırır:
“Əgər bizdə də bu dəyişikliklər həyata keçirilərsə - yəni AAK və universitet mərhələləri inteqrasiya olunar, imtahanlar tədqiqat yönümlü və praktik dəyər daşıyan formata çevrilərsə, həm motivasiya artar, həm də doktorantura təhsili daha effektiv və keyfiyyətli hala gələr.
Sonda onu da vurğulamaq istərdim ki, doktorantura sadəcə elmi dərəcə deyil, yaradıcı və düşünən insan formalaşdırmaq mərhələsidir. Bu mərhələdə prosedurların azaldılması deyil, məqsədlərin aydınlaşdırılması daha önəmlidir”,- deyə G.Əkbərova bildirib.