Modern.az

Oktyabrda Bakıda dini konqres keçiriləcək

Oktyabrda Bakıda dini konqres keçiriləcək

3 İyun 2010, 15:30

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin qatıldığı BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu öz işini başa çatdırıb. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Forumun işində 130 ölkə, beynəlxalq, regional və digər təşkilatlardan 2000-dən artıq siyasi lider, vətəndaş cəmiyyəti fəalları, müxtəlif fond və din liderləri iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə,  on iki aktual mövzu üzrə keçirilmiş beynəlxal tədbirdə Braziliya prezidenti Lula da Silva, BMT-nin Baş katibi Pan Gi Mun, Türkiyənin Baş naziri R.T.Ərdoğan, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos, Sivilizasiyalararası Alyansın yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş Prezidenti  X.Sampayo və Qətər əmirinin xanımı Seyxa Moza bint Nasir əl-Misnəd və başqa rəsmi səxslər çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin başçısı Hidayət Orucov əsas plenar iclas sayılan «Nazirlərin görüşü»ndə çıxış edib, respublikamız barədə həqiqətləri və dövlət başçımızın apardığı siyasətin prioritet istiqamətlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb, dünyada özgə torpaqlarını işğal edən təcavüzkar ölkələrə haqq qazandırmaq meyillərini tənqid edib.

Beynəlxalq tədbirdə Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının fəaliyyətini müəyyənləşdirən konsepsiya qəbul olunub və bu ilin oktyabr ayında Bakıda onun birinci konqresinin keçirilməsi qərarlaşdırılıb.

Sivilizasiyalararası Alyansın fəaliyyətinə maraq ildən-ilə artır, onun coğrafiyası və sıralarına qoşulan ölkələrin sayı tədricən genişlənir. Bu ildən ABŞ da Alyansın işinə qoşulub. Öyrənmələr və son iki ildə BMT-nin Sivilizasiyalararası Alyansının Forumlarında respublikamızın iştirak təcrübəsinə əsasən bu formatda əməkdaşlığı davam etdirmək və genişləndirmək zərurəti duyulur.

Nümayəndə heyəti səfər çərçivəsində bir sıra digər görüşlər də keçirərək, bugünkü Azərbaycan reallıqları barədə Latın Amerikası və Karib dənizi hövzəsi, habelə digər ölkələrinin nümayəndələri ilə fikir mübadilələri aparıb.

Sivilizasiyalararası Alyansın III Qlobal Forumunun yekun sənədində mədəniyyətlərarası münasibətlərin daha da yaxşılaşdırılması, dünyada  uzunmüddətli sülhə şərait yaratmaq üçün birgə əməkdaşlıq barədə ümumi razılıq əldə olunduğu qeyd edilib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi