Modern.az

Məktəbli avtobusu - Qiymət və cədvəl problemi gündəmdə

Məktəbli avtobusu - Qiymət və cədvəl problemi gündəmdə

Təhsil

18 Noyabr 2025, 11:54

Məktəbli avtobusu layihəsi bir müddətdir ki, fəaliyyət göstərir və bu istiqamətdə mobil tətbiq də istifadəyə verilib. Layihənin məqsədi məktəblilərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etmək olsa da, bəzi praktiki çətinliklər hələ də qalmaqdadır.

Xüsusilə xidmətin qiymətlərinin nisbətən yüksək olması səbəbindən bu imkanlardan əsasən müəyyən gəlir səviyyəsinə malik ailələr yararlana bilir. Digər tərəfdən, dərs vaxtları ilə avtobus cədvəlləri arasındakı uyğunsuzluq da valideynlər və şagirdlər üçün əlavə narahatlıq yaradır. 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, layihə yeni fəaliyyətə başladığı üçün müəyyən çətinliklərin yaşanması normal haldır. Onun fikrincə, zaman keçdikcə sistem oturuşacaq və daha səmərəli işləməyə başlayacaq.

“Artıq sosial şəbəkələrdə bu istiqamətdə bəzi narazılıq və narahatlıqlar müşahidə olunur. Lakin mən hesab edirəm ki, yaxın bir il ərzində, yaxud da növbəti ildən etibarən layihə daha sistemli və məqsədyönlü şəkildə formalaşacaq. Bu sahədə Türkiyə təcrübəsini nümunə kimi götürmək olar. Türkiyənin böyük şəhərlərində “məktəbli avtobusları” layihəsi illərdir uğurla həyata keçirilir və bu sistem çox yaxşı tənzimlənib”.

Ekspert vurğulayıb ki, layihə çərçivəsində diqqət yetirməli olduğumuz iki əsas məsələ var:

“Bunlardan birincisi məktəbli avtobuslarının qiyməti, digəri isə avtobusların hərəkət vaxtının tənzimlənməsi ilə bağlıdır. Məsələn, Türkiyədə ibtidai və yuxarı sinif şagirdlərinin dərs bitmə saatları fərqli olduğu üçün avtobuslar bu cədvələ uyğun hərəkət edir. Azərbaycanda da bu prinsipi tətbiq etmək mümkündür. Əgər ibtidai siniflərin dərsi saat 12:00-da bitirsə, onlar 1 saat yarım gözləmədən dərhal evə yola düşə bilərlər. Daha sonra, məsələn, saat 13:00-da dərsi bitən yuxarı sinif şagirdləri üçün növbəti reys həyata keçirilə bilər. Bu cür tənzimləmə dərs bitdikdən sonra yaranan sıxlığın və gözləmələrin qarşısını alacaq”.

R.Nurəliyevin sözlərinə görə, Bakı şəhərində məktəbli avtobusları üçün ayrılan xüsusi hərəkət zolaqları da tıxac problemini minimuma endirir. Habelə, sistem düzgün tətbiq olunarsa, mövcud narazılıqlar da tədricən aradan qalxacaq:

“Qiymət məsələsi isə müəyyən çətinliklər yarada bilər. Çünki avtobuslar gün ərzində bir neçə dəfə hərəkət edir. Lakin əgər ödəniş adi ictimai nəqliyyat tariflərinə yaxınlaşdırılarsa, sistem daha ədalətli və əlçatan olacaq. Bu halda həm maddi imkanı yüksək olan, həm də orta gəlirli ailələr övladlarını rahatlıqla bu xidmətdən yararlana biləcəklər.

Hazırda bir çox valideyn uşaqlarını məktəbə apararkən həm öz yol xərclərini, həm də yanacaq və ya avtobus xərclərini ödəyir. “Məktəbli avtobus” layihəsi bu yükü azaldacaq. Çünki artıq valideyn övladını məktəbə aparmaq məcburiyyətində qalmayacaq, uşaq evdən avtobusa minib birbaşa məktəbə gedəcək. Beləliklə, valideynin indiyədək çəkdiyi xərc həmin sistemə yönələcək və nəticədə qiymət fərqi ciddi olmayacaq”.

Təhsil eksperti onu da əlavə edib ki, layihənin digər mühüm üstünlüyü şəhərdaxili tıxacların azalmasıdır:

“Çünki hazırda bir çox valideyn şəxsi avtomobili ilə uşağını məktəbə aparır və bu, pik saatlarda sıxlığa səbəb olur. Məktəbli avtobus sistemi yanacaq sərfiyyatını azaltmaqla yanaşı, eyni zamanda şəhər infrastrukturuna düşən yükü yüngülləşdirəcək.

Avtobusları idarə edən sürücülər təcrübəli və peşəkar şəxslər arasından seçiləcək. Layihə dövlət tərəfindən icra olunduğu üçün sürücülərin fəaliyyəti və məsuliyyəti ciddi nəzarətdə saxlanacaq. Bu da uşaqların təhlükəsizliyi baxımından çox önəmli amildir”.

Yekun olaraq ekspert vurğulayıb ki, layihə ilkin mərhələdə olduğu üçün müəyyən çatışmazlıqlar qaçılmazdır. Lakin əminəm ki, yaxın bir il ərzində Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu problemləri müəyyən edib aradan qaldıracaq və layihə daha səmərəli şəkildə fəaliyyət göstərəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ