Modern.az

Bütün uşaqları məktəbəqədər təhsilə cəlb etmək mümkün deyil - NAZİR

Bütün uşaqları məktəbəqədər təhsilə cəlb etmək mümkün deyil - NAZİR

Təhsil

13 Noyabr 2025, 12:06

2026-cı ilin büdcə layihəsində məktəbəqədər təhsilə 48,2 milyon manat vəsait nəzərdə tutulmuşdur. Məktəbəqədər təhsil sahəsində alternativ maliyyələşmə modelləri əsasında məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayının 30 minə çatdırılması planlaşdırılır. Bunun üçün növbəti illərdə bu məqsədlə 27 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Nazir bildirib ki, məktəbəhazırlıq qruplarının açılması və fəaliyyət göstərməsi üçün 2026-cı ilin büdcə layihəsində 37,13 milyon manat vəsait nəzərdə tutulub:

"2025-ci ilin sonuna qədər dövlət vəsaiti hesabına ümumtəhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən 5000-dən çox qrupda 86 min uşaq məktəbəhazırlıq təhsilinə cəlb ediləcək.

Beş yaşlı uşaqların məktəbəhazırlıq təhsili ilə əhatə olunma səviyyəsi 80 faizə çatacaq.

Buradakı əsas problem odur ki, bir uşağın - yəni 1 yaşından 5 yaşına qədər olan uşağın məktəbəqədər təhsillə əhatə olunması üçün dövlətin ayırmalı olduğu vəsait təxminən 5000 manatdır. Bu isə ümumilikdə ölkədə 600 min uşağın əhatə olunması deməkdir. Yəni, əgər biz bütün uşaqları məktəbəqədər təhsilə cəlb etmək istəsək, bu, təqribən 2,7 milyard manat vəsait tələb edir. Bu isə reallıqda mümkün deyil. Hətta bunun 50 faizini belə təmin etmək ciddi maliyyə yüküdür.

Dünyanın heç bir ölkəsində elə bir təhsil sistemi yoxdur ki, dövlət bütün uşaqların məktəbəqədər təhsil xərclərini özü qarşılasın. Belə bir sistemi tapmaq çətindir. Bəzi ölkələrdə bu göstərici 50 faiz, bəzi ölkələrdə isə 100 faiz dövlət və ya fərqli maliyyə mənbələri tərəfindən qarşılanır. Ona görə də bu problemin həlli üçün alternativ yanaşmalar tələb olunur.

Son günlərdə də alternativ maliyyələşmə mexanizmləri hazırlanır. Burada valideynin imkanları, sosial müdafiə statusu, ailənin sosial təminat səviyyəsi kimi meyarlar nəzərə alınmalıdır.

Məsələn, ailə işləyirmi, işsizdir, sosial yardım alır, bu kimi meyarlar əsas götürülə bilər. Eyni zamanda şəhər və kənd yerləri arasında fərqlər nəzərə alınmalıdır.

İki eyni ailə modelini götürək: biri ənənəvi məktəbəqədər təhsilə gedir, digəri alternativ sistemə. Əgər biz eyni səviyyədə uşaqları bu təhsilə cəlb etmək istəyiriksə, bu zaman alternativ maliyyə yanaşmaları qaçılmaz olur"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR