Modern.az

Azərbaycanda 3 universitetdə qəbul planı azaldılacaq - Səbəb məlum oldu

Azərbaycanda 3 universitetdə qəbul planı azaldılacaq - Səbəb məlum oldu

Təhsil

17 Noyabr 2025, 11:24

Gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetində qəbul sayı gələcək illərdə iki dəfə azaldılması nəzərdə tutulur.

Bunu elm və təhsil naziri Emin Əmrullayev ötən həftə baş tutan parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir bildirib ki, əsas məqsəd keyfiyyətin artırılmasıdır.

Nazirin çıxışını Modern.az-a şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, qəbul sayının azaldılması ali təhsil sistemində struktur dəyişikliyinin başlandığını göstərir.

“Təhsil siyasətində belə addımlar ayrı-ayrı illərin deyil, bütövlükdə uzunmüddətli keyfiyyət strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Qəbul yerlərinin azaldılması ilk növbədə tədris prosesinin keyfiyyətinə yönəlmiş qərardır. Mövcud maliyyə imkanları çərçivəsində tələbə sayının həddindən artıq çox olması bir tələbəyə düşən xərcləri azaldır və universitetlərin həm akademik heyətinə, həm laborator mühitinə, həm də tədqiqat imkanlarına mənfi təsir göstərir. Tələbə sayının optimallaşdırılması isə təhsilin kütləvilikdən çox, keyfiyyət meyarlarına əsaslanmasına şərait yaradır. Bu yanaşma beynəlxalq praktikalarda da özünü doğruldur. Uzun illərdir tələbə axınının idarə olunduğu ölkələrdə tədrisin səviyyəsinin yüksəlməsi, məzunların daha yaxşı hazırlıqla əmək bazarına daxil olması müşahidə edilir”.

Deputatın fikrincə, azalmanın ikinci əsas səbəbi təhsil strukturu ilə əmək bazarının tələbləri arasındakı uyğunsuzluqdur:

“Ölkədə bəzi sahələr üzrə əmək bazarının tələbatından xeyli çox kadr hazırlanır, bu isə məzunlar arasında işsizlik və ixtisassız məşğulluq kimi problemlərə gətirir. Əksinə, mühəndislik, texnologiya, kənd təsərrüfatı və sənaye istiqamətlərində real işçi çatışmazlığı olduğu halda, ümumi yönümlü və humanitar sahələrdə kütləvi qəbul davam edir. Universitetlərdə plan yerlərinin optimallaşdırılması əmək bazarının real ehtiyaclarına uyğun kadr hazırlığını təmin etmək üçün vacib addımdır və bu, uzunmüddətli iqtisadi strategiyanın ayrılmaz hissəsinə çevrilməlidir”.

O, həmçinin vurğulayıb ki, qəbulun azaldılması həm də regional balansın qorunması baxımından aktuallaşır:

“Paytaxt universitetlərinə yüksək axın regionlarda yerləşən ali təhsil müəssisələrinin rolunu zəiflədir. Bunun nəticəsində hem region gənclərinin təhsil imkanları məhdudlaşır, həm də bölgələrdə sosial-iqtisadi inkişaf ləngiyir. Qəbul yerlərinin müəyyən hissəsinin regional universitetlərə yönəldilməsi həm infrastruktur yükünün balanslaşdırılmasını, həm də regional insan kapitalının güclənməsini təmin edə bilər.

Belə bir prosesin hansı universitetlərdə davam etdirilə biləcəyi sualı adətən institusional deyil, proqramlar üzrə qiymətləndirilməlidir. Ən optimal yol ixtisarları bütövlükdə universitetlərə deyil, konkret fakültə və ixtisaslara tətbiq etməkdir. Xüsusilə əmək bazarında artıq təmin olunmuş və ya iş uyğunsuzluğu yüksək olan ixtisaslarda qəbulun tədricən azaldılması məqsədəuyğundur. Eyni zamanda strateji əhəmiyyətli texniki və mühəndislik istiqamətlərinin genişləndirilməsi, laborator mühitin gücləndirilməsi və tələbə başına maliyyələşmənin artırılması daha rasional yanaşma olar. Universitetlərin tədqiqat potensialı, beynəlxalq əməkdaşlığı və real nəticəyə yönəlmiş tədris modelləri də azalma ilə bağlı qərarların əsas meyarlar arasında olmalıdır”.

E.Mirzəbəyli nəzərə çatdırıb ki, bu proses düzgün idarə olunmasa, sosial və institusional problemlər yarada bilər:

“Buna görə də keçid mərhələsinin planlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. İxtisarların tədricən tətbiqi, tələbələr üçün alternativ təhsil və ixtisasartırma imkanlarının genişləndirilməsi, akademik heyətin yeni proqramlara və tədqiqat layihələrinə inteqrasiyasının dəstəklənməsi, universitetlərin maliyyə sabitliyinin qorunması kimi mexanizmlər əvvəlcədən hazırlanmalıdır. Qəbul sayının azalması heç bir halda universitetlərin zəifləməsinə yox, əksinə, onların keyfiyyətcə güclənməsinə xidmət etməlidir”.

Deputat onu da əlavə edib ki, məqsəd ali təhsilin say üzərindən deyil, nəticə və keyfiyyət üzərindən ölçülməsidir:

“Məzunların əmək bazarına daha tez və daha hazırlıqlı inteqrasiya olması, universitetlərin tədqiqat rolu ilə real iqtisadiyyata daha sıx bağlanması, tələbə başına investisiyanın artması, təhsil müəssisələrinin beynəlxalq rəqabətə davamlı olmasına şərait yaradılması bu siyasətin əsas hədəfləridir. Əksər hallarda qəbulun kütləviləşməsi təhsilin səviyyəsinin düşməsinə səbəb olur. Planlı azalma, keyfiyyət investisiyası və institusional dəstək isə ali təhsilin mahiyyətini gücləndirən faktora çevrilir”.

Yekun olaraq deputat bildirib ki, qəbul yerlərinin azaldılması təkcə texniki qərar deyil, ölkənin insan kapitalı strategiyasının mühüm elementidir:

“Düzgün həyata keçirilərsə, bu siyasət Azərbaycan ali təhsilinin keyfiyyətini yüksəldə, universitetlərin elmi potensialını genişləndirə və nəticədə ölkənin sosial-iqtisadi inkişafına real töhfə verə bilər. İstənilən halda qərarlar şəffaf məlumatlara, əmək bazarının proqnozlarına və universitetlərin real imkanlarına əsaslanmalı, prosesin bütün mərhələlərində ardıcıllıq və məsuliyyət təmin edilməlidir”,- deyə E.Mirzəbəyli qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR