Azərbaycan təhsilində sakit günlər geridə qalıb. Bir neçə gün öncə Elm və təhsil naziri son illərin ən ciddi, ən köklü yeniliklərinin anonsu verdi. Deyilənlərə istinad etsək, bu dəfə söhbət kağız üzərində qalan təlimatlardan getmir. Orta məktəblərin məzmun və formasını yeniləyəcək real addımlar göz önünə gəlir.
Burada əsas məqsəd müəllimi məktəbə qaytarmaq, repetitorluğu məhdudlaşdırmaq, məktəbi yenidən təhsilin əsas məkanına çevirməkdir.
Müəllimlər boş saatlarında məktəbdə əlavə dərslər keçəcək, bu məşğələlər ödənişli olacaq, ödənişin müəyyən hissəsi birbaşa müəllimə veriləcək, şagird “repetitor qapısı” gəzib aylarla vaxt və pul sərf etməyəcək.
Bu model repetitorluğun kökünü kəsməyin tək yoludur. Müəllimin məktəbdə keçirəcəyi vaxt artırılır. Məqsəd odur ki, müəllim gününün böyük hissəsini məktəbdə keçirsin. Çünki yaxşı maaş istəyən müəllim məktəbə də qazandırmalıdır.
Müəllimlər maaş artımı tələb edirdilər. Rəhbərlik onların istəyini gerçəkləşdirir. Yeni sistemdə məktəbdə aktiv olan, əlavə məşğələ aparan, şagird nəticələrini yüksəldən müəllim daha çox qazanacaq. Bu da birbaşa həm peşəkarlığa, həm çalışqanlığa stimul verəcək.
Öz növbəsində proses özü məktəblərin məsuliyyətini artıracaq. Yeni model məktəbləri şagirdə real bilik verməyə məcbur edəcək. Repetitorluğu yox etmək istəyiriksə, məktəbin məsuliyyəti avtomatik artır.
Cəmiyyətin sosial psixologiyası belədir ki, inqilabi dəyişikliklər ilk vaxtlar narahatçılıq, müqavimət, tərəddüd yaradır. Bizdə xüsusilə bəzi müəllimlər çox vaxt “kütlə düşüncəsinin” təsirinə düşür. “Bu yenilik alınmayacaq”, “Onsuz da əvvəl də belə şey demişdilər”, “Əlavə məşğələ keçmək mənlik deyil” kimi neqativ fikirlər içinə düşürlər.
Ancaq bir sual var. Hər bir müəllim yaxşı maaş almaq istəyirmi, yaxşı yaşamaq istəyirmi, cavab təbii ki, "bəli"dir.
O zaman bunun yolu məktəbdə olmaq, məktəbdə fəaliyyət göstərmək, şagirdlə daha çox ünsiyyət etməkdir.
Yenə repetitorluğa qayıdaq, gerçəklik odur ki, hazırda bu, təhsilin “alternativ sistemi”nə çevrilib. Hətta məktəbin funksiyası ciddi şəkildə kölgədə qalıb. Yeni model isə müəllimi məktəbə qaytarır, məktəbin içində ödənişli və keyfiyyətli əlavə məşğələ imkanı yaradır, şagirdin ehtiyacını məktəbin özündə qarşılayır.

Nəticə odur ki, şagird repetitordan qayıdıb məktəbə üz tutacaq. Və bu gün hamının etiraf etdiyi reallıq odur ki, repetitorluqdan can qurtarmağın yeganə yolu məktəbin gücləndirilməsidir.
Təhsil yalnız müəllimlərin deyil. Valideyn də, məktəb rəhbərliyi də, şagird də, cəmiyyətin özü də bu prosesin içindədir. Əgər biz müəllimin yaxşı maaş almasını, şagirdin evdən məktəbə daşınan çantalarla görünməsini yox, bilgi ilə zəngin olmasını, gələcəyin savadlı gəncliyini yetişdirmək istəyiriksə, onda bu yenilikləri dəstəkləməliyik.
Yaxşı maaş alan müəllim məktəbdə əlavə məşğələ keçəcək. Məktəbdə müəllimin əlavə məşğələsi daha ucuz, sistemli və daha effektiv olacaq. Bu məqam valideynin yükünü azaltmaqla paralel şagirdin inkişafını məktəbin içində saxlayır.
Bu gün cəmiyyətin təhsildən gözləntiləri üç əsas xətt üzrədir. Savadlı şagird, testdən maksimum bal yığmaqla yanaşı, düşünə bilən, analiz edən, danışa bilən, yaza bilən gənclik və peşəkar müəllim, güclü məktəb.
Təhsil çətin sahədir. Heç bir ölkə bir gündə təhsilini dəyişə bilməyib. Burada ən sağlam yol bir neçə rayonda pilot layihə, real nəticələrə uyğunlaşdırma və sonra ölkəyə yayılma üsuludur.
Pilot mexanizm müəllimin adaptasiyasını, məktəbin təşkilati işlərini və valideynlərin reaksiyasını ölçmək üçün idealdır.
Bəli, bu gün verilən qərarlar sabahın cəmiyyətini formalaşdırır. Bugünkü yeniliklər isə illərlə gözlənilən, bəzən “olmaz” deyilən dəyişikliklərin qapısını açır.
Bu islahatlar müəllimi məktəbə qaytaracaq, repetitorluğa alternativ yaradacaq, məktəbi yenidən təhsil məkanına çevirəcək, şagirdin yükünü azaldacaq, valideynin xərclərini tənzimləyəcək, müəllimin nüfuzunu və gəlirini artıracaq.
Əgər biz parçalanmış təhsil sistemimizi düzəltmək istəyiriksə, bu inqilabi yenilikləri qorxuyla qarşılamamalıyıq, sevgiylə qucaqlamalıyıq.
Bütün bunlardan çıxış edərək deyə bilərik ki, bu gün biz təhsildə əsl transformasiya dövrünün başlanğıcındayıq.
Əgər biz doğrudan da savadlı gənclik, peşəkar müəllim, güclü məktəb, sağlam cəmiyyət istəyiriksə, bu dəyişikliklər qaçılmazdır.
Son sual budur, biz bu dəyişiklikləri dəstəkləməyə hazırıqmı? Hazırıqsa, təhsil yaxşı mənada dəyişəcək.
Və bu dəyişikliklər olacaqsa, Elm və Təhsil Nazirliyində xeyli kadr islahatları da qaçılmaz olacaq.
Elnur ƏMİROV