Modern.az

“Abituriyentin bələdçisi” kitabının yeni nəşri işıq üzü görüb

“Abituriyentin bələdçisi” kitabının yeni nəşri işıq üzü görüb

4 İyun 2010, 13:26

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin tələbə qəbulu qaydaları və qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış edilməsi məqsədilə “Abituriyentin bələdçisi” kitabının yeni variantını nəşr edib. Kitabda qəbul imtahanlarına hazırlığın başlanğıcından tutmuş sənəd qəbuluna, imtahan gününə hazırlıqdan tutmuş imtahana və imtahanın nəticələri elan olunan mərhələyə qədər bütün proseslər xronoloji ardıcıllıqla izah olunur, abituriyentlərə lazımi məsləhət və tövsiyələr verilir.

Vəsaitin əvvəlində test sistemi və TQDK-nın fəaliyyətinin inkişaf dinamikası işıqlandırılır. Sonrakı hissədə abituriyentlərin ixtisas seçiminə istiqamətləndirilməsi məqsədilə ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları və müvafiq imtahan fənləri haqqında məlumatlar təqdim edilir.

Növbəti hissədə abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmasına kömək məqsədilə metodiki materiallar – qəbul proqramları, test kitabları, elektron dərs vəsaitləri, çətin testlərin izahı və tövsiyələr, model testlər, açıq testlər, xüsusi qabiliyyət tələb edən ixtisaslara dair vəsaitlər haqqında məlumatlar verilir.

Burada, həmçinin sınaq imtahanları, onların faydası, qeydiyyat və keçirilməsi qaydaları, online sınaq imtahanları barədə məlumatlar, ardınca bilik yarışı öncüllərinin qəbul imtahanına hazırlıq üzrə təcrübə və tövsiyələrindən nümunələr, habelə abituriyentlər, müəllimlər və valideynlər üçün psixoloq məsləhətləri təqdim olunur.

Ayrıca bir bölmədə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu qaydalarından bəhs edilir. Burada ərizə qəbulu üçün tələb olunan sənədlər, elektron ərizənin doldurulması qaydası, xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat aparılması və xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu qaydaları barədə məlumatlar çatdırılır.

Növbəti bölmədə abituriyentin imtahan gününə hazırlığı, imtahanda davranış qaydaları, onun bu mərhələdə davranışına aid psixoloq məsləhətləri yer alıb.

Bunun ardınca oxuculara qəbul imtahanının nəticələrinin emalı prosesi və nəticələrin (imtahan ballarının) ictimaiyyətə çatdırılması barədə məlumatlar verilir.

Kitabın “İxtisas seçimi” adlanan hissəsində ixtisas seçiminin abituriyentlər üçün önəmi, məsuliyyəti barədə tövsiyələr verilir. Burada müsabiqə şərtləri, keçid balları və onların ixtisas seçimi üçün əhəmiyyəti, eyni zamanda elektron ixtisas seçimi ərizəsinin doldurulmasına aid məsləhətlər verilir.

Kitabın sonrakı hissələrində qabiliyyət imtahanlarının keçirilməsi qaydaları, abituriyentlərin imtahan balları və ixtisas seçimi əsasında müsabiqə və yerləşdirmənin aparılması prosesi işıqlandırılır. Daha sonra apelyasiya aparılması qaydaları, ali təhsil müəssisələrinin boş qalan yerlərinə əlavə yerləşdirmə, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə müsabiqənin keçirilməsi və nəhayət, kitabın sonunda tələbə qəbulu ilə bağlı abituriyentlər, valideynlər və bütövlükdə ictimaiyyət tərəfindən Komissiyaya tez-tez ünvanlanan səciyyəvi suallar və onlara mütəxəssislərin cavabları təqdim olunur. Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi