2025-2026-cı tədris ili üzrə oktyabrın 2-dən başlayan məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir.
Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
"Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək", - məlumatda deyilir.
Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.