Ölkəmizdə 1-10 şagirdi olan 94, 10-20 şagirdi olan 153 məktəb fəaliyyət göstərir. Bəzi kənd məktəblərində isə ümumilikdə cəmi 20–25 şagird müxtəlif siniflər üzrə parçalanmış şəkildə oxuyur.
Modern.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
Nazir bildirib ki, belə məktəblərdə müəllim çatışmazlığını aradan qaldırmaq çətindir:
“Bir məktəbdə 4-6 şagird üçün müəllim göndərmək real deyil. Ali təhsilli, yüksək bal toplamış müəllimi bu şəraitdə uzun müddət saxlamaq mümkün olmur”.
E.Əmrullayev qeyd edib ki, bu tip məktəblərdə müəllimlərin dərs yükü də çox məhduddur:
“Mövcud qaydalara görə, məsələn, kimya müəlliminə maksimum 6 saat dərs verilə bilir. Hətta digər fənnlər əlavə olunsa belə, ümumi saat çox az olur və bu da əməkhaqqını aşağı salır”.
Nazir optimallaşdırmanın qaçılmaz olduğunu da vurğulayıb:
“Sinifdə 1 şagird də olsa, 25 min manat xərc çəkilir. 25 şagird olsa da eyni məbləğ. Bu model səmərəli deyil. Bir neçə şagirdi bir məktəbdə birləşdirmək və müəllimə daha yaxşı şərait yaratmaq daha məqsədəuyğundur”.
Emin Əmrullayev həmçinin bildirib ki, dəyişikliklər çətin qəbul edilsə də, təhsilin keyfiyyəti üçün vacibdir:
“Cəmiyyət bu prosesin səbəblərini anlamalıdır. Məqsədimiz təhsilin keyfiyyətini yüksəltmək və resursların səmərəli istifadəsidir”,- deyə nazir qeyd edib.