Modern.az

Tamştatlı müəllimlərlə bağlı BÜTÜN SUALLARA CAVAB 

Tamştatlı müəllimlərlə bağlı BÜTÜN SUALLARA CAVAB 

Təhsil

21 Noyabr 2025, 14:52

Azərbaycanda 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. Elm və təhsil naziri Emin Əmrullayev ötən gün yeni modelin detalları açıqlayıb.

Öncə onu qeyd edək ki, yeni təhsil modelinin detallarının qeyd olunduğu rəsmi sənəd təqdim olunmayıb. Emin Əmrullayev tamştatlı müəllim vəzifəsini tənzimləyəcək sənədin hələlik hazır olmadığını bildirib. 

Modern.az nazirin açıqlamalarına istinadən tamştatlı müəllim vəzifəsi barədə suallara aydınlıq gətirməyə çalışıb.

- Kimlər tamştatlı müəllim olacaq?

İki dəfə sertifikasiyadan keçən və yüksək nəticə göstərənlər tamştatlı müəllim ola biləcək . Proses tamamilə könüllü olacaq. Qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Nazirin sözlərinə görə, yeni sistem kiçik məktəblərdə yox, böyüklərdə tətbiq ediləcək.

“Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə – sovet sistemindən miras qalmış “stavka” prinsipi ilə işləməyə davam edə bilər. Amma biz başa düşməliyik ki, bu sistem artıq köhnəlib və gələcəkdə davamlı ola bilməz. Yeni model müəllimin məktəbə daimi bağlılığını təmin edəcək və əməyin qiymətləndirilməsində əsaslı dönüş yaradacaq”, - Emin Əmrullayev bildirib.

- Tamştatlı müəllim neçə saat çalışacaq?

Açıqlamaya görə, tamştatlı müəllim həftəlik 30–36 saat işləyəcək.  Bu, gündəlik 6-7 saatlıq iş günü deməkdir.  Məktəbdə müəllim həftəlik 18–24 saat tədrislə məşğul olacaq.

- Dərs olmayanda müəllim nə işlə məşğul olacaq?

Tamştatlı müəllim dərsdən sonra dərsdinləmələr həyata keçirib məktəbin pedoqoji heyətinin peşəkar inkiafına dəstək verəcək və qarşılıqlı öyrənmə mühitini formalaşdıracaq. Müəllim, həmçinin məktəbdaxili qiymətləndirmə vasitələrinin hazırlanmasında aktiv iştirak edəcək, məktəb–valideyn münasibətlərinin inkişafına daha aktiv cəlb olunacaq.

Müəllimlər şagirdlərin inkişafına yönəlik dərsdənkənar fəaliyyətlərin təşkili işinə dəstək verəcək və şagird nəticələrinin təhlili və məktəbin inkişaf planının hazırlanmasında iştirak edəcəklər.

“Dərs yükündən əlavə müəllim şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər. Başqa bir müəllimin dərsinə daxil olub müşahidə apara, həmkarına metodik tövsiyələr verə bilər. Çox yaxşı müəllimdirsə, gənc müəllimlərə mentorluq edə, şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflər verə, sinifdənkənar işlər təşkil edə, müxtəlif müsabiqələr, olimpiadalar üçün şagird hazırlaya bilər”, - nazir Emin Əmrullayev belə deyib.

- Tamştatlı müəllimin maaşı nə qədər olacaq?

Nazir bildirib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə çox olacaq. Qeyd edək ki, proqnozlara görə, Azərbaycanda gələn il orta aylıq əməkhaqqı göstəricisi 1170,8 manat təşkil edəcək. Beləliklə, tamştatlı müəllimin maaşının 2 min manatdan çox olacağ gözlənilir.

- Yeni model nə vaxtdan tətbiq ediləcək?

Dəqiq tarix açıqlanmasa da, 2026-2027-ci tədris ilinin başlamasından tez olmayacağı qeyd edilib. Nazir bu gün açıqlayıb ki, tamştatlı müəllim modelinə keçid 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə həyata keçiriləcək.
 
 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə