Azərbaycanda ali təhsil pillələrinin hüquqi statusu ilə bağlı sosial şəbəkələrdə və ekspert dairələrində müzakirələr aparılır. Mövzu bakalavr dərəcəsinin “tam ali təhsil” sayılıb-sayılmaması üzərində cəmlənib.
Bir qrup şəxs hesab edir ki, yalnız magistratura pilləsini tamamlayan məzunlar “tam ali təhsilli” sayılmalıdır. Onların arqumentinə görə, bəzi dövlət və özəl qurumlarda vakansiya tələblərində magistr diplomuna üstünlük verilməsi bu yanaşmanı gücləndirir.
Digər tərəf isə bildirir ki, Azərbaycan qanunvericiliyi bakalavr səviyyəsini açıq şəkildə tam ali təhsil kimi tanıyır. “Təhsil haqqında” qanunda ali təhsilin ilk pilləsi məhz bakalavr dərəcəsi olaraq qeyd edildiyindən, bu dərəcənin “natamam” sayılması hüquqi əsas daşımır.
Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil Qanununda ali təhsil pilləsinin səviyyələri, onların mahiyyəti və hüquqi statusu açıq şəkildə müəyyən edildiyi üçün bakalavr dərəcəsinin “natamam” hesab olunması ilə bağlı cəmiyyətdə mövcud olan bəzi yanlış təsəvvürlər hüquqi müstəvidə əsassızdır.
Onun sözlərinə görə, dünya ölkələrində təhsil müddətinin qısaldılması fonunda yerli təcrübədə bakalavr səviyyəsinin yenidən “natamam” hesab olunması qanuna əsasən mümkün deyil:
“Təhsil Qanununun 22.3-cü maddəsi çox aydın ifadə ilə bildirir ki, bakalavriat təhsili başa çatmış ali təhsildir. 1.0.7-ci maddəyə görə, Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir.
Bu maddələr göstərir ki, bakalavr dərəcəsi müstəqil və tam ali təhsil səviyyəsidir. Təhsilin müddətinin hansı ölkədə neçə il olması (3 il, 4 il və ya 4+1 modeli) bu statusu dəyişmir və dəyişə də bilməz. Ona görə də qlobal tendensiyalar fonunda belə bakalavr dərəcəsinin “natamam” elan edilməsi hüquqi cəhətdən qətiyyən mümkün deyil”.
Qeyd edək ki, dünyanın əksər ölkələri bakalavr dərəcəsini tam ali təhsil kimi tanıyır və bu, beynəlxalq akademik standartdır. ABŞ-də ali təhsilin əsas səviyyəsi "Bachelor’s Degree" sayılır. Əksər dövlət qurumları və şirkətlərdə bakalavr “full higher education” statusundadır. Magistratura isə ixtisaslaşma və elmi dərinləşmə mərhələsidir. Türkiyədə lisans dərəcəsi tam ali təhsil hesab olunur. Magistratura “yüksek lisans” adlanır və əlavə ixtisaslaşma mərhələsidir. Dövlət vakansiyalarında lisans diplomu standart tələblərdən biridir.
Avropa İttifaqı ölkələrində boloniya prosesi çərçivəsində bütün ölkələrdə bakalavr dərəcəsi ali təhsilin tam səviyyəsi kimi rəsmən qəbul edilir.

Mehriban Vəliyeva vurğulayıb ki, əgər belə müzakirə yaransa belə, sözügedən müzakirələr yalnız sosial və psixoloji faktorlarla bağlı ola bilər, lakin heç bir hüquqi əsas daşımır:
“Qanunda magistratura ali təhsilin ikinci səviyyəsikimi müəyyən edilib (1.0.34-cü maddə). Magistratura – ali təhsilin ikinci səviyyəsidir. Lakin bu, bakalavrın natamam olduğunu deyil, sadəcə əlavə ixtisaslaşma mərhələsi olduğunu göstərir. Magistr dərəcəsinin verilməsi qaydası barədə 22.4-cü maddə açıq şəkildə sübut edir ki, magistratura elmi tədqiqat, peşəkar və elmi-pedaqoji fəaliyyət üçün daha dərindən hazırlıqdır. Deməli, magistratura təhsili baza təhsilinin davamı kimi yox, yalnız müəyyən ixtisaslaşmaya ehtiyac olan sahələr üçün nəzərdə tutulur”.
Millət vəkili onu da əlavə edib ki, yerli təcrübədə bəzən bakalavr pilləsinin “natamam” kimi dəyərləndirilməsi yanaşmasının qanuni əsası yoxdur:
“Bu yanlış təsəvvürün yaranma səbəbləri hüquqi deyil, sosial xarakterlidir. Nümunə olaraq, müəyyən sahələrdə işəgötürənləri magistr dərəcəsinə üstünlük verməsi və s.
Lakin bunların heç biri qanunda bakalavr dərəcəsinə verilən statusu dəyişmir. Qanunda açıq şəkildə qeyd olunur ki, bakalavriat səviyyəsində genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır (Təhsil Qanunu, 22.3). Bu, bakalavrın tam hüquqlu mütəxəssis kimi qəbuledildiyini göstərir.
Həmçinin eyni maddədə deyilir ki, bakalavrların əmək fəaliyyəti sahəsi… elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bu da bakalavr dərəcəsinin tam ali təhsil və tamhüquqlu mütəxəssis hazırlığı olduğunu bir daha təsdiqləyir. Yerli mühitdəki natamamlıq təsəvvürü isə qanuni deyil, yalnız tarixi-sosial stereotiplərin nəticəsidir”, - deyə M.Vəliyeva fikrini tamamlayıb.
Beləliklə, beynəlxalq təcrübə, dünya ali təhsil sistemi göstərir ki, bakalavr proqramı çox ölkədə ali təhsilin tam ilk pilləsi kimi qəbul edilir.