
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun min illər ərzində formalaşmış vəziyyətinin qorunub saxlanılmasını, eyni zamanda bu unikal memarlıq-şəhərsalma kompleksinin gələcək nəsillərə çatdırılmasını təmin etmək üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti məqsədyönlü tədbirlər həyata keçirir.
Xidmət tərəfindən hazırlanmış “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yanğın təhlükəsizliyi xüsusi proqramı üzrə ərazidə yerləşən yaşayış evlərinin və təyinatından asılı olmayaraq bütün obyektlərin siyahısı dəqiqləşdirilərək onların yanğına qarşı vəziyyəti təhlil edilir. Qoruğun ərazisindəki elektrik paylayıcılarının (transfarmatorların) mütəxəssislər cəlb edilməklə texniki vəziyyəti öyrənilir, elektrik naqil və kabellərin izolyasiyasının vəziyyəti yoxlanılır.
Təhlükəsizliyin təmin olunması istitqamətində həyata keçirilən tədbirlər çərçivəsində tikinti normalarının və qaydalarının tələblərinə zidd olan qaz təsərrufatının və qeyri-standart elektrik və qaz cihazlarının istismarının qadağan edilməsi üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir.
Ərazidə yaşayan əhalinin və orada çalışan insanların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi işi də Dövlət Yanğın Nəzarəti Xidmətinin diqqət mərkəzində duran əsas məsələlərdəndir. İctimai-iaşə müəssisələrində, mehmanxana və inzibati binalarda çalışan əməkdaşların сəlb edildiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən yanğına qarşı təbliğat günü də məhz Dövlət Yanğın Nəzarəti Xidmətinin həyata keçirdiyi növbəti maarifləndirmə tədbirlərdən biri olub. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi ilə birgə keçirilmiş yanğına qarşı təbliğat günündə "İnzibati binalarda yanğın təhlükəsizliyi qaydalarının tələbləri", "İctimai iaşə müəssisələrində yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda çıxışlar olub.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı, onlardan istifadə olunması qaydaları haqqında ətraflı məlumat verilmiş, həmçinin yanğınların söndürülməsində yeni texnologiya olan, Tailandda istehsal olunan kürə şəkilli «Şar-1»-avtomatik yanğınsöndürmə vasitəsinin texniki xüsusiyyətləri, onun klassik ilkin yanğınsöndürmə vasitələrindən üstünlüyü haqqında tədbir iştirakçıları məlumatlandırılıb.
Tədbirdə "İnzibati binaların yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçasının təqdimatı keçirilib və həmin kitabça inzibati binalarda işçilərin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsi işində metodik vəsait kimi istifadə olunması üçün tədbir iştirakçılarına paylanılıb.
Otellərdə, ictimai iaşə müəssisələrində, fərdi həyətlərdə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən müxtəlif ölçülü nəfis şəkildə hazırlanmış 500 ədəd stend Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim olunub.

Hikmət Xudiyev
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki