(konspiroloji-esse-1)
İlluziyalar, xəyallar aləmində səyahət edən Jəmu-Dəmun yenə də müasirləri arasında darıxdı. İstədi keçmişə bir daha baş çəksin, ordakı insanlarla görüşüb onlardan dərs alsın və qismən də olsa özünə gəlsin. Sonuncu dəfə İmadəddin Nəsimi ilə görüşəndən sonra bir xeyli yaxşılaşmışdı. Camaat hamıdan qaçan Jəmu-Dəmunu bu cür mehriban görəndə təəccübünü gizlədə bilməmişdi. O xəyali görüşdən xeyli vaxt keçmişdi, Jəmu Dəmun sonsuzluq aləminin tükənməz işığından aldığı enerjini artıq xərcləmişdi. Yenidən növbəti səyahətə ehtiyacı var idi. Həm onun, həm də Kürsüdən onu dinləyəcək camaatın…
“Şah Xətai seyrə çıxdı… “
I hücrəyə qəfil gəliş
XVI əsrin 20-ci illəri …. Xristian dünyasının böyük siyasəti və türk çılğınlığının acı fəsadı olan qanlı Çaldıran döyüşündən sonra Şah İsmayıl hər şeydən təcrid olunaraq öz tənha hücrəsinə qapılmışdı. Artıq döyüşdən döyüşə yox, mənadan mənaya, aləmdən aləmə, haldan hala səyahət edirdi. Artıq onun üçün insan döyüşlərdə qalib gələn igidlər deyil, İlahi eşqdən pərvazlanan və kamillik məqamına qovuşan ərənlər idi. Sultan Səlim bütün müsəlman-türk dünyasının məğlubiyyəti sayılacaq qələbədən vəcdə gəlir sevinirdi. Şah İsmayıl isə artıq səmalara səfər edib hamıya da ordan baxırdı. Qəfildən hücrənin qapısı açıldı. Jəmu-Dəmun içəri girdi. Şah təəcüblənmədi. Haqq işığından alınan sözləri qara mürəkkəbə batıraraq yazırdı.
Aləm başdan başa bir seyrangahdır
Gir könül şəhrinə gör nə dərgahdır
Bir gizlicə sirdir, qüdrətüllahdır
Yazılmış dəfəri Divandan aldım..
-Heç kim məni bu böyük qələbə ilə təbrik etmədi. Yəqin sən də onlardan birisən. Amma nəsə heç bu insanlara bənzəyişin yox. Bilmirəm hər nəsən, kimsən, hardan gəlmisən, amma onu bilirəm ki, biz işıqlar aləmində görüşürük. Zaman və məkan burdan uzaqdır. Yaxın olan ruhlar eyni səmanın altına yığışarlar. Heç kim məni təbrik etmədi. Özümə xoş gəldim, oğul.
-Bilirəm, intəhasız bir seyrangahdasız. Azmassızmı bu yollarda? Ulu babanız Şeyx Səfi, babanız Şeyx Cüneyd və atanız Şeyx Heydərin ruhu sizdən kənarda. Siz qılınca qulluq edəndə onları özünüzdən kənar etdiz.
-Bilirəm, oğul. Mən indi ayrı Səmadayam onlar ayrı Səmada. Amma işıqlarını uzaqdan görür və o işıq tərəfə də gedirəm.
-Biz da azmışıq “mürşidi-kamil”. Yəqin ki, sizi belə adlandırırdılar. Amma harda ki zaman və məkan var idi, siz titullara sahib idiniz. Burda hərəyə öz işığına görə qiymət verilir. Mən işığınıza görə sizə “mürşidi-kamil” deyirəm. Bizim zamanda insanlar azır, insanlar mənən məhv olur. Siz şah ola –ola öz xoşbəxtliyinizi Allaha qoşuşmada mənəviyyat və idrak üfüqlərinə çatmada gördüz. Amma bizim zamanın insanları bununla öyünməz. Elə sizin özünüz də onlar üçün qılınc döydüyünüz üçün dəyərlisiz.
-Mən amma bunu istəmirdim. Mən “qələm”ə yer ayırmaq üçün “qılınc”a əl atdım…
-Amma onlar bütün dörvrlərdə qılıncı təbliğ etmək üçün ona əl atdığınızı zənn edər.
-Mən “qılınc”ın kölgəsində mənəviyyat və irfan işığını yandırmaq istədim.
-Amma onların anladığı qılınc bu işıqları söndürür.
-Mənim “qələm”im əbədidir, “qılınc”ım isə fani
-Amma onlar fani olanı dərk edir…
-Onlar seyrangaha çıxırlarmı.? Özlərində səfərdə olurlarmı.? Mənən uça-uça dirilirlərmi ?
-“Mürşidi kamil” onlar insanı qavramazlar. Bunun iksirini bilməzlər.
-“Məhəbbətdən keçən haqdan da keçər” söyləmişdim. Onlar məhəbbətdə itirlərmi?..
-Xeyr ustad!
-Mən sənə o uçuşun və o itmənin sirlərini verərəm. Lütfən çatdır insanlara.
-Mən onları kürsüdə oxuyaram.
….
II hücrə
Jəmu Dəmun ilk hücrədə Xətai ilə görüşdən çox pəjmürdə olmuşdu. Özünə yer tapa bilmirdi. Axı onun özündə də mənəvi, irfani boşluqlar az deyildi. Xətai bunu duymuşdu. Odur ki, onu növbəti görüş üçün ikinci hücrəsinə dəvət etmişdi. Vədə yetişdi və Jəmu Dəmun öz səmavi səyahətini Xətainin ikinci hücrəsinə saldı….
Gəl, oğul, bura mənim ikinci hücrəmdi. “Kimya otağı” adlandırdım buranı. Düşüncələrimin şirəsini burda sıxıram. Arı kimi burda bal yığıram.
Xətayi can arxına
Əhli –ürfan arxına
Mərifətdən su gəlir
Tökülür can arxına
Bu bayatımda insanın bütün inkişaf mərhələləri əks olunub . Təbii ki, mənəvi və idraki cəhətdən. . Mənə bu sirləri aça bilərsənmi ?
-Mən onun üçün burdayam ustad. Aça bilmirəm, siz açın mənə.
-İnsan ruhu zərrə timsalı Günəşə varır, damla timsalı dəryaya. Biz ona can arxı deyəriz. Axı ordan gəldik biz. “Can arxından “ qopan damlalarıq hamımız. İdrak , elm, ədəb və eşq ibarət bu arx bizim bütün külliyatımıza hakim kəsilməkdədir. İnsan hər dəfə eşqdən aralandıqca öz can arxından bir o qədər uzaq düşmüş olur. Amma bir qism insan var ki, o öz şəxsiyyətini eşq şirəsi ilə dolur və o ümumi can arxına tökülür. Odur ki yazmışam “Mərifətdən su gəlir, tökülür can arxına”
-Mən yenə sirr istəyirəm. Bu hücrədə siz deyəsən sirr istehsal edirsiz.
-Bəli, oğul.
-Onları mənə verin aparım insanlara…
-Bunları apar mənim oğullarıma. Qoy mənəvi sirlərin şirələrini canına çəksinlər..
Jəmu Dəmun ikinci hücrədən xeyli sir götürdü və onları kürsüdə insanlara çatdıracaq. Həm də birinci hücrədə deyildiyi kimi uçuşun və itmənin sirlərini açıqlayacaqdı…
III hücrə
Amma üçüncü hücrəyə ayaq basanda Xətai qəfildən dilləndi
- Oğul, onları geri qaytar. Mən sənə sirr verməmişəm. Bütün bunlar sirlərə aparan bir işarə idi. Hələ ki, səndə ancaq işarələrdir. Sirrin özünü sənə verməkdən ötrü hələ bir çox sınaqlardan çıxmalısan.
-Amma mən bura sirri aparmaqdan ötrü gəlmişəm. Əliboş müasirlərin yanına qayıtmaq olmaz. Ac olanları mütləq diriltmək lazımdır. Mən axı onları ac qoyub bura gəldim…
-Yox oğul, onlar hələ yaşayacaqlar. Çünki hələ də ac olmaqlarından xəbərləri yox. Sən isə aclığı dada bilmisən. odur ki, indi sənə ac qalmaq çox çətin gəlir.
-Jəmu-Dəmun üçüncü hücrədə Xətayini itirdi. Üzərinə yeriyən işıq seli içində yox olan Xətayidən yalnız sağlıqla qal sözünü eşidə bildi. Amma o mütləq sirri tapmalı idi…