Son illərdə Azərbaycanda ali təhsil müəssisələrində təhsilalma formalarında tədricən dəyişiklik olunub. Bir çox ixtisaslarda qiyabi təhsilalma forması ləğv edilib. Axşam dərsləri tamamilə yığışdırılıb. 2014-cü ildən magistratura pilləsi üzrə qiyabi təhsil formasının ləğv edilməsi qüvvəyə minib.
Mətbuatda isə qiyabi təhsilin tam ləğv oluna biləcəyi barədə müzakirələr aparılır.
Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlı Modern.az-a bildirib ki, bakalavr səviyyəsində qiyabi təhsil formasının ləğvi Azərbaycan reallığında düzgün olmazdı:
“Qiyabi təhsildə nəzəri bazanın mobilləşmiş tədrisi və sonra təcrübə nəzərdə tutulub. Onun ləğv edilməsi üçün alternativ forma təklif edilməlidir. Əvəzetmə kimi dünyada tətbiq olunan distant və hibrit tədris hələ Azərbaycanda yoxdur. Bu iki üsulun yaradılması gənclərə geniş imkanlar açmış olardı.
Magistratura pilləsində qiyabi formanın tamamilə ləğv edilməsində məqsəd ustad formalaşdırmaqdır. Bütünlükdə əyani sistemə keçidlə dövlət birinci addımı atdı. Növbəti işləri isə yerinə yetirmədi. Hər bir universitet dərs saatlarını axşama təyin etməli idi. Lakin bəzi universitetlər gündüz qrafiki ilə magistrant qəbulunu davam etdirir. Bu hal təhsilə marağın azalması ilə nəticələnir”.
Cavid Zahidoğlu